Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) Cəbrayıl yaşayış kompleksini yüksək keyfiyyətlə inşa edib.
Bakıvaxtı.az xəbər verir ki, bunu MİDA-nın İctimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Diana Dadaşova deyib.
Onun sözlərinə görə, ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva MİDA-nın inşa etdiyi Cəbrayıl yaşayış kompleksinin açılışında iştirak ediblər: “Yeni mənzillərə köçən sakinlərə açarlar təqdim edilib. Cəbrayıl yaşayış kompleksinin ümumi sahəsi 7,9 hektar təşkil edir. Bu kompleksdə ümumilikdə 712 mənzil var. Kompleksin ərazisində 7-si 5 mərtəbəli, 26-sı 4 mərtəbəli olmaqla ümumilikdə 33 yaşayış kompleksindən ibarətdir. Kompleksdə olan 712 mənzildən 8-i 1 otaqlı, 136-sı 2 otaqlı, 8-i 2 otaqlı studio tipli, 392-si 3 otaqlı, 168-i isə 4 otaqlıdır”.
O qeyd edib ki, bütün mənzillər tam təmirli, mətbəx mebelləri, kombi-isitmə sistemi, eləcə də su, qaz, elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilir: “Kompleks 6 kvartaldan ibarətdir və yüksək keyfiyyətlə inşa edilib. Kompleksin ərazisində yaşayış binaları ilə yanaşı istirahət guşələri, yeraltı və yerüstü dayanacaqlar, sosial məişət obyektləri, həmçinin uşaqlar üçün əyləncə və oyun meydançaları da istifadəyə verilib”.