• Bakı 18° C

    12.14 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

"Milli satqınlar revanşist ermənilərlə işbirliyinə getməkdən utanmırlar" - Deputat

SİYASƏT

19 Aprel 2024 | 15:46

Milli satqınlar revanşist ermənilərlə işbirliyinə getməkdən utanmırlar - Deputat

"Azərbaycan ictimaiyyəti ölkəmizi sevməyən və düşmən qüvvələrlə işbirliyində olan milli satqınlara birdəfəlik yox deməlidir". 

Bu sözləri deputat Məlahət İbrahimqızı Bakıvaxtı.az-a açıqlamasında deyib.

Deputatın sözlərinə görə, son günlər sosial mediada ölkəmizdəki bir qrup radikal qüvvələr öz emissarlarındən aldıqları tapşırıqları icra etmək üçün yenidən canlanmağa başlayıb. Belə ki, bu gün Azərbaycanın çağdaş ictimai-siyasi mühitində çürük və xain siyasəti ilə tanınan milli satqınlar düşərgəsinin “bayraqdarı” olan Əli Kərimlinin yenidən radikal və inqilabi çağırışları eşidilir:

"Əslində bu antimilli qüvvələrin ölkədaxilində pozucu fəaliyyətini ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistanın baş naziri ilə Azərbaycana qarşı qərəzli üçtərəfli görüşünün, ermənipərəst Fransa və Makronun, həmçinin qonşuluqda saxtakarlıq və dindaşlıqda münafiqlik mövqeyi göstərən İranın və erməni sevdalısı Hindistanın Ermənistanı sürətlə silahlandırması prosesinin məntiqi davamı kimi qəbul etmək olar. Əli Kərimli kimi milli satqınlarda həm də toyuq korluğu var. Əli Kərimli və dəstəsi demokratiya, söz azadlığı, insan haqları ilə bağlı nümunə göstərdiyi bu ölkələrin Əfqanıstanda, Orta Şərqdə, Suriyada və İraqda hansı fəlakətlər törətdiklərini görmürlər?!"

M.İbrahimqızı hesab edir ki, bu gün baş verən qlobal və regional proseslər, yaranmış gərginliklər fonunda Azərbaycan özünün düzgün siyasi strategiyasına uyğun olaraq irəliləyir və inkişaf edir. Faktiki olaraq dünyanın böyük dövlətlərində sabitlik pozulub və müharibə, qarşıdurma, gərginlik hökm sürür. Azərbaycanın yerləşdiyi coğrafiyada da bu hal açıq şəkildə müşahidə olunur. Şimal və Cənub qonşularımızda müharibələrin baş verməsi fonunda Azərbaycan bir növ təhlükəsizlik adası kimi xarakterizə olunur.

"Ölkəmizdə mövcud olan sabitlik, stabillik artıq dünya dövlətləri üçün bir örnəkdir. II Qarabağ müharibəsi nəticəsində özünün ərazi bütövlüyü və suverenliyini tam təmin edən Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin təminatçısıdır. Lakin buna baxmayaraq, antimilli qüvvələr yenə də öz ampluasındadır. Xarici dağıdıcı qüvvələrin əlində oyuncaq olan AXCP sədri Əli Kərimli növbəti dəfə kimlərinsə sifarişi ilə hərəkət etdiyini bir daha nümayiş etdirdi. Məhz dağıdıcı antimilli qüvvələrin Əli Kərimli başda olmaqla, aprelin 21-nə mitinq təyin etməsi bu çirkin oyunun tərkib hissəsidir. Əli Kərimli kimi antimilli ünsürlərin əsl məqsədi cəmiyyətdə qarşıdurma yaratmaq, sabitliyi pozmaq, xarici qüvvələrin ölkəmizə nüfuz edərək istədikləri siyasəti yürütmələrinə şərait yaratmaqdan ibarətdir. Çünki indiki həssas dönəmdə regional və qlobal miqyasda yaşanan hadisələr fonunda insanların küçə iğtişaşlarına dəvət olunması düşmən dəyirmanına su tökməkdir. Sözsüz ki, anti-milli qüvvələrin planlaşdırılan mitinqi məkrli qrantların sifarişidir. Fakt isə odur ki, indi mitinqdən dəm vuran antimilli qüvvələr bütün seçkiləri boykot edən, heç bir siyasi prosesə qatılmayan ünsürlərdir". - deyə deputat vurğulayıb.

Bu gün radikal müxalifətin fəaliyyətinin ancaq sosial şəbəkə üzərindən "like" formatında müşahidə edildiyini qeyd edən deputata görə, heç bir qayda-qanunlara məhəl qoymayan radikal müxalifətin aprelin 21-də yenidən mitinqin keçirilməsi barədə mənasız bəyanatları və çağırışları məntiqsizdir. Əslində 44 günlük Vətən müharibəsində və keçən ilin sentyabrında yüksək məharətlə Xankəndi və ətraf rayonlarda həyata keçirilmiş antiterror əməliyyatından sonra radikal müxalifət antimilli mövqelərinə və fəaliyyətlərinə görə xəcalət çəkməli və iqtidardan üzr istəməli idi. Həmçinin milli satqınlarımız Rusiyanın sülhməramlı əsgərlərinin Azərbaycan ərazisində yerləşdiyi 2020-ci ildən etibarən bugünədək möhtərəm Prezidentimizlə bağlı səsləndirdikləri fikir və çıxışlarından belə utanmadılar:

"Bu gün sosial şəbəkələrdə Azərbaycana düşmən mövqedə olan bir qrup ermənipərəst xarici qüvvə və ölkələrin girovunda olan, çirkli pullarla fəaliyyət göstərən antimilli satqınların canlanmalarını, ölkədə ictimai asayişin pozulmasına yönəlik hansısa fəaliyyət göstərəcəkləri haqda xəbərlər eşidirik. Sözsüz ki, Azərbaycan ictimaiyyətinə milli satqınların məqsəd və məramı çoxdan bəllidir. Bu qüvvələr Azərbaycanın beynəlxalq aləmdə artan imicinin və dövlətimizin güclənməsinin qarşısının alınması üçün hətta düşmənlə, revanşist ermənilərlə işbirliyinə getməkdən çəkinmirlər. Dünya qalib ölkəmizdə mövcud olan vətəndaş həmrəyliyinə, ölkəmizin sabitlik və təhlükəsizlik məkanı olmasına həsəd apardığı dövrdə Milli Şura və AXCP kimi antimilli qüvvələr hər vəchlə karlıq mövqeyi göstərməklə, ictimaiyyətdə narahatçılıq yaratmağa çalışırlar". 

Məlahət İbrahimqızı hesab edir ki, regionda cərəyan edən hadisələr fonunda radikal müxalifətin pozucu fəaliyyət göstərmək cəhdləri gözləniləndir. Çünki heç bir dayağa və nüfuza malik olmayan ayrı-ayrı şəxslər guya siyasətdə mövcud olmalarını sübut etmək, xaricdən aldıqları qrantlara bəraət qazandırmaq istəyirlər, yeni vəsaitlərin cəlb olunmasını arzu edirlər. Amma hər kəsə məlumdur ki, bundan öncəki tədbirlər kimi bu mitinq adlı dırnaqarası tədbirin də heç bir nəticəsi olmayacaq. Çünki orada səsləndirilən şüarlar əvvəlki kimi eyni naftalin qoxulu şüarlardır. 

"Azərbaycan xalqı çox gözəl bilir ki, kim nə ilə məşğuldur? Kimin hansı məqsədi, niyyəti, hədəfləri var? Bu kimi tədbirlərin təşkili ölkəmizdə və regionda pozucu məqsədlərə xidmət edir, hərc-mərclik, xaos yaratmaq məqsədi daşıyır. Lakin həmin qüvvələr buna nail ola bilməyəcəklər. İllər boyu bu cür tədbirlərin keçirilməsi ilə həmin şəxslər heç nəyə nail olmayıblar. Eyni zamanda, sual olunur ki, əgər siz bu cür siyasi mübarizə aparmaq istəyirsinizsə, ölkənin siyasi meydanında olmaq istəyirsinizsə, sivil qaydada mübarizə aparmaq lazımdır. Niyə aparmırsınız? Onlar sadəcə istənilən seçki kampaniyasını və tədbirləri boykot etməklə, bir siyasi xal qazanmaq istəyirlər. Bu, çox səhv yoldur və təbii ki, istənilən qanunsuz və razılaşdırılmamış tədbirlərin qarşısı qətiyyətlə alınacaq. Çünki milli qanunvericiliyimiz, o cümlədən “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun və Konstitusiyada müvafiq müddəalar var. Təbii ki, həmin müddəalara əməl edilməsi ən ali vəzifədir. Bu cür qüvvələrin qanunvericiliyimizi pozması həm onların özlərinə, həm də  cəmiyyətə böyük zərər gətirir. Amma buna baxmayaraq Azərbaycanın aidiyyati qurumları  cavab tədbirləri görəcək, öz reaksiyasını bildirəcək və razılaşdırılmamış, qanunsuz aksiyalara heç bir halda yol verilməyəcək" - deputat şərh edib.

Deputat siyasi səhnədən bir dəfəlik  silinməyi zəruri olan Əli Kərimli kimi radikal milli satqınların ölkəmizin müxalif düşərgəsinin adına kölgə saldığını vurğulayıb:

"Hesab edirəm ki, bu gün ölkəmizdə mövcud olan konstruktiv müxalifət də milli satqınlara qarşı qəti mövqelərini bildirməlidir. Çünki milli təhlükəsizlik məsələsi təkcə müvafiq dövlət qurumlarının vəzifəsi və məsuliyyəti deyil,  bu həm də ümumxalq məsələsdir. Ona görə də Azərbaycanın mütərəqqi ictimaiyyəti və ziyalıların milli satqınlara birdəfəlik öz prinsipial mövqe göstərməlidir".

Gülşən Şərif


SON XƏBƏRLƏR

01 May 2024