• Bakı 27° C

    6.11 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Milyonların cavab axtardığı sual: Azərbaycanda pensiya yaşı yenə qaldırılacaq?

CƏMİYYƏT

02 Iyul 2026 | 13:35

Milyonların cavab axtardığı sual: Azərbaycanda pensiya yaşı yenə qaldırılacaq?

Xəbər verdiyimiz kimi, iyulun 1-dən Azərbaycanda qadınların pensiya yaşı artırılıb. Belə ki, qadınların pensiya yaşı 65 olaraq kişilərin pensiya yaşı ilə bərabərləşib.

Qanunvericiliyə görə, 2027-ci il iyulun 1-dək qadınların pensiya yaşı 66 olacaq. Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Sığorta göstəricilərinə əsasən, fərdi hesabında toplanmış pensiya kapitalına uyğun olaraq pensiyanın məbləği müəyyən edilir. Minimum pensiyanın məbləği 320 manat təşkil edir.

Razi Nurullayev: Vətəndaşların pensiyaya gec yaşdan çıxması münasibdir

Mövzu il bağlı Bakıvaxtı.az-a danışan deputat Razi Nurullayev deyib ki, insanların uzunömürlülüyü, tibbi və sosial əlçatanlığı artıb.

Onun sözlərinə görə, bu baxımdan vətəndaşların pensiyaya gec yaşdan çıxması münasibdir:

“5 və ondan çox uşaq sahibi olan anaların 60 yaşdan sonra pensiyaya çıxmasına imkan verilir. Bu, onu deməyə əsas verir ki, pensiya yaşının artırılmasında anaların azuşaqlı olması da rol oynayır”.

Xalid Kazımlı: Gözlənilən müddət 76 yaşdır, pensiyaya çıxma yaşı isə 65-dir

İqtisadçı Xalid Kazımlı isə Bakıvaxtı.az-a açıqlamasında ümumiyyətlə, pensiya hesablanması metodikasına yenidən baxılmasının vacibliyini vurğulayıb:

“İndiki qanunvericiliklə təqaüdçülərin orta pensiya alma müddəti 11 il olur. Çünki gözlənilən müddət 76 yaşdır, amma pensiyaya çıxma yaşı isə 65-dir”.

Onun sözlərinə görə, bu baxımdan pensiyaların hesablanmasının metodikasının dəyişməsi və müəyyən dövrədək daha aşağı müddətin əsas götürülməsi təqaüdçülərin daha yüksək məbləğdə pensiya almasına gətirib çıxara bilər.

Qeyd edək ki, qadınların pensiya yaşı Qərb ölkələrində fərqlidir. Bir sıra Avropa ölkələrində pensiya yaşı hətta 67-yə çatdırılıb. Azərbaycanda qadınlar üçün gözlənilən orta ömür müddəti 78.4, kişilər üçün isə 73.6 yaşdır. Ümumi orta göstərici isə təxminən 76 yaş təşkil edir.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Iyul 2026