• Bakı 28° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

"MİQ müsabiqəsi biznes layihəyə çevrilib" - Təhsil eksperti

CƏMİYYƏT

23 May 2024 | 13:22

MİQ müsabiqəsi biznes layihəyə çevrilib - Təhsil eksperti

"Təhsil sistemində həyata keçirilən bütün layihələr biznes məqsədlidir".

Bu sözləri Müəllimlərin işə Qəbulu (MİQ) ilə bağlı vəziyyəti şərh edən təhsil eksperti Elşən Qafarov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, MİQ müsabiqəsi 2011-ci ildən başlayaraq bugünədək kifayət qədər təkmilləşsə də, müsabiqə ilə bağlı bir çox neqativ hallar hələ də qalmaqdadır:

"Müsabiqədə hər il yenilənən suallar gözlənilir. Bu proses birbaşa biznesdir. Təəssüf ki, ölkənin ən vacib müsabiqəsinin üzərində qurulan bu oyunun qarşısını alınmır və ya almaq istəmirlər. MİQ müsabiqəsinin keçirildiyi 14 ildə müsahibə mərhələsinin meyarları hələ də formalaşmayıb. Uzun müddətdir ki, ibtidai sinif müəllimlərinin MİQ müsabiqəsində iştirakında ciddi yanlışlıqlara yol verilir. Belə ki, ibtidai təhsil səviyyəsində həlledici şəxs olan ibtidai sinif müəllimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları"nın 9.2-ci bəndində göstərilmiş 9 fənndən 7-sini tədris etdiyi halda, cəmi 2 fənndən (tədris dili və riyaziyyatdan) imtahan verir. Bu fənnlərə tədris ili və riyaziyyat daxildir. İbtidai sinif müəllimlərinin sertifikatlaşdırılması prosesində də eyni vəziyyət yaşanır".

E.Qafarov iddia edir ki, son illər MİQ imtahanında verilən səhv sualların sayında artım müşahidə olunur, hətta keçən il MİQ suallarında sızma halları da olub:

“Yəni sualları hazırlayan kurs bilərəkdən əksər sualları "nümunə" sual kimi öncədən açıqlayıb. Həmin kurs bunun texniki səhv olduğunu bildirsə də, artıq cəmiyyətə lazım olan mesaj verilmişdi. Mesaj bundan ibarət idi ki, MİQ suallarını biz hazırlayırıq. MİQ və Sertifikasiyaya hazırlıq zamanı bizi seçin. Əslində kursun bu planı baş tutdu və müraciət edənlərin sayı kifayət qədər artdı. Bundan başqa, sualları 34 şöbədən ibarət olan Təhsil Institutunun deyil, MİQ hazırlığı ilə məşğul olan bir kursun müqavilə əsasında hazırladığı aydın oldu".

Elşən Qafarov: MİQ müsabiqəsinə nəzarətin artırılmasına ehtiyac var, əks halda...

Ekspert hesab edir ki, təhsil sahəsində mövcud olan boşluqların aradan qaldırılmasına və MİQ müsabiqəsinə nəzarətin artırılmasına ehtiyac var. Əks halda MİQ müsabiqəsi ilə bağlı neqativ yanaşmalar getdikcə artacaq.

Qeyd edək ki, mayın 22-də 2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlər də təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müsabiqədə iştirak etmək hüququna sahibdirlər.

Gülşən Şərif


SON XƏBƏRLƏR

15 Iyun 2024