Azərbaycan Ordusunda beş yüksək vəzifəli zabitə general-mayor ali hərbi rütbəsi verilib.
Bakıvaxtı.az-ın məlumatına görə, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Müdafiə Nazirliyində mühüm strateji istiqamətlərə rəhbərlik edən polkovniklər – Azər Heybətli, Elçin Abdullayev və Rəsul Əliyev general-mayor hərbi rütbəsinə layiq görülüblər.
Bakıvaxtı.az həmin generalların dosyesini təqdim edir:
General-mayor Azər Heybətli
General-mayor Azər Heybətli Azərbaycan Ordusunun rəhbər heyətində təmsil olunan zabitlərdəndir. O, hərbi xidmətinin müxtəlif mərhələlərində taqım komandiri, bölük komandiri və digər komanda vəzifələrində çalışıb. Azər Heybətli Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarındandır.
Açıq mənbələrdə yer alan məlumatlara görə, o, bir müddət Azərbaycanın Böyük Britaniyadakı hərbi attaşesi kimi fəaliyyət göstərib. Hazırda isə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edir. Ordunun kadr və şəxsi heyət siyasətinin idarə olunmasında əsas fiqurlardan biri hesab olunan Azər Heybətli bundan sonra general korpusunda təmsil olunacaq.
General-mayor Elçin Abdullayev
General-mayor Elçin Abdullayev də Azərbaycan Silahlı Qüvvələrinin peşəkar zabitlərindəndir. O, xidmət yoluna taqım və bölük komandiri vəzifələrindən başlayıb, sonrakı illərdə müxtəlif rəhbər vəzifələrdə təmsil olunub. Elçin Abdullayev də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarındandır.
Hazırda o, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsində çalışır. Elçin Abdullayev Azərbaycanın hərbi diplomatiya xəttində, xarici tərəfdaşlarla müdafiə əlaqələrinin koordinasiyasında və beynəlxalq hərbi əməkdaşlıq istiqamətində əsas simalardan biri sayılır.
General-mayor Rəsul Əliyev
General-mayor Rəsul Əliyev də Azərbaycan Ordusunda mühüm strateji istiqamətlərdən birinə rəhbərlik edən zabitlərdəndir. O, hərbi xidmətinin ilk mərhələlərində taqım komandiri və bölük komandiri vəzifələrində olub, sonrakı dövrdə müxtəlif məsul postlarda çalışıb. Rəsul Əliyev də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarındandır.
Hazırda general-mayor Rəsul Əliyev Müdafiə Nazirliyinin Baş idarələrindən birinin rəisi vəzifəsində çalışır.
General-mayor Gülməmməd Rzayev
Məlumata görə, G.Rzayev hazırda Quru Qoşunları Komandanlığının artilleriya rəisi vəzifəsində çalışır. O, ixtisasca artilleriyaçı olmaqla yanaşı, Heydər Əliyev adına Hərbi İnstitutun məzunudur.
General-mayor Ruslan Ağasıyev
R.Ağasıyev ordu korpuslarından birinin qərərgah rəisidir.
Murad İsmayıl
Bakı 



