Bakıda orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vəd verərək dələduz etməkdə təqsirləndirilən Zaur Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən zərərçəkmişlər dindirilib.
Zərərçəkmiş P. Əliyev bildirib ki, həyat yoldaşını müəllimə düzəltmək üçün Zaur Mustafayevə müraciət edib:
"Yoldaşımı işə düzəltmək istəyirdim. Zaur bizə dedi ki, Şamaxı Pedaqoji Kollecinə ingilis dili müəlliməsi düzəldəcək. Nərimanovda 19 may 2023-cü ildə görüşdük və 15 min manatı şəxsən təqsirləndirilən şəxsin özünə vermişəm. Pulumuzu istədik 8 min manat verib, 7 min manatı qalıb".
Zərərçəkmiş Tünzalə Məmmədova bildirib ki, sertifikasiyadan kəsildiyi səbəbindən təqsirləndirilən şəxsə müraciət edib:
"Atam dedi ki, Zaur adlı şəxs var o kömək edəcək. 12 min 500 min manat bankdan götürüb verdik. Ancaq işimizi düzəltmədi".
Gülnarə Yusifova isə ona təqsirləndirilən şəxsin 7 min manat zərər vurduğunu deyib.
Digər zərərçəkən Rəna Məmmədova isə bildirib ki, təqsirləndirilən şəxs onu məktəb direktoru düzəldəcəyi ilə bağlı yalan vəd verərək 110 min manat pulunu alıb.
Daha sonra məhkəmə sənədlərinin tədqiqinə başlanılıb.
Məhkəmənin növbəti iclası aprelin 9-na təyin edilib.
Xatırladaq ki, cinayət işində ümumi ziyanın miqdarı 200 mindən çoxdur. Təqsirləndirilən şəxslər zərərçəkənlərə vəd verib ki, onları orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcək. İş üzrə 15 zərərçəkmiş var.
Təqsirləndirilən şəxs Zaur Mustafayev isə Bakı şəhərində 116 saylı orta məktəbdə müəllim işləyib.
Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı 




