Ermənistanın əvvəlki konstitusiya referendumları xalqın iradəsini əks etdirmir.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Baş nazirin sözlərinə görə, Ermənistanda asayiş və cəmiyyət arasında uçurum var:
“Ədliyyə sektorunda problemlər məhz buna görə yaranır. Və bu boşluq, digər məsələlərlə yanaşı, bütün konstitusiya referendumlarında ictimaiyyətin rəsmi nəticələrin xalqın iradəsini ifadə etmədiyi və ya tam ifadə etmədiyinə əmin olması ilə bağlıdır”.
Politoloq Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlaması təqdirolunacaq yanaşmadır.
Ekspert vurğulayıb ki, Azərbaycan tərəfi sülh sazişini sadəcə Paşinyan hökuməti ilə imzalamır:
"İmzalanacaq sülh sazişi regiona sülh gətirməlidir. Bunun arxasında erməni ictimai rəyi və istəyi durmalıdır. Məhz bu baxımdan Azərbaycan Ermənistandan birmənalı tələb edir ki, öz Konstitusiyasını dəyişdirsin, legitimləşsin, ərazi iddialarını və ölkəmizə, xalqımıza qarşı kin-nifrəti aradan qaldırsın. Ermənistan yenidən müharibə sevdasına düşməməlidir. Bunun üçün də erməni ictimaiyyətinin rəyinə ehtiyac var. Paşinyan dolayısı ilə bunu deyir”.
Müsahibimiz vurğulayıb ki, ancaq bütünlüklə erməni şüuru dəyişməlidir. N.Miri qeyd edib ki, buna görə Azərbaycan Ermənistandan Konstitusiyasının legitimləşməsini tələb edir:
“Nikolun da dediyi kimi bugünədək Rusiyanın iradəsini təmsil edən saxta prezidentlərin dönəmində heç bir Konstitusiya referendumları legitim olaraq keçirilməyib. Bu səbəbdən erməni xalqına müraciət zəruridir. Azərbaycanla müharibə istəyirlərmi? Bu suala cavab məlum olandan sonra Konstitusiyanın dəyişdirilməsinin nə qədər zəruri olduğu həqiqəti ortaya çıxacaq".
Natiq Miri: Azərbaycan Ermənistandan birmənalı tələb edir ki, öz Konstitusiyasını dəyişdirsin, ərazi iddialarından əl çəksin
Siyasi şərhçi Ermənistanın silahlanmasından da danışıb:
"Ermənistan niyə silahlanır? İrəvan hökuməti və onların Fransa kimi havadarları silahlanmanı Ermənistanın "özünü müdafiə etmək hüququ" ilə əsaslandırırlar. Nəzərə alaq ki, hələ də sülh bağlanmayıb və müharibə şəraiti davam edir”.
Onun sözlərinə görə, əgər Ermənistan silahlanırsa, qeyri-iradi olaraq da qarşı tərəfdə müəyyən narahatlıqlar yaranır. Qarşı tərəf üstünlüyü təmin etmək üçün daha üstün silahlar almaq məcburiyyəti ilə üzləşir.
“İndiki halda Ermənistanın Azərbaycanla eyni səviyyəyə gəlməsi mümkündürmü? Son nəticə yenə də Ermənistanın xeyrinə olmayacaq. Bu pullar Ermənistanın iqtisadiyyatının dirçəlməsinə sərf olunsaydı, daha məqsədəmüvafiq olardı", - deyə Natiq Miri vurğulayıb.
Aydın Baxış