• Bakı 17° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Musiqi və incəsənət məktəblərinə ilk dəfə elektron qəbul keçirilir

MƏDƏNİYYƏT

25 Aprel 2025 | 14:50

Musiqi və incəsənət məktəblərinə ilk dəfə elektron qəbul keçirilir

İlk dəfə olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərinə təhsilalanların qəbulu vahid elektron sistem üzərindən aparılacaq. 2025/2026-cı tədris ilinə təhsilalanların qəbulu üçün qeydiyyat “My Culture” vahid şəxsi kabineti vasitəsilə 2025-ci il aprelin 25-dən başlayacaq və mayın 25-dək davam edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Mədəniyyət Nazirliyi sistemində təhsilin keyfiyyətinin yüksəldilməsi, xidmətlərin rəqəmsallaşdırılması, informasiya sistemləri ilə inteqrasiya və ictimaiyyətlə çevik ünsiyyətin gücləndirilməsi istiqamətində geniş islahatlar davam etdirilir.

Bu məqsədlə tətbiq edilən “My Culture” platforması vətəndaşlarla daha şəffaf, əlçatan və funksional əlaqənin qurulmasına xidmət edir.

Elektron qeydiyyat prosesi çevik xidmətin təşkili və vətəndaş məmnuniyyətinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Namizədlər (18 yaşına çatmayanların valideyni və ya qanuni nümayəndəsi) əlavə vaxt itirmədən və təhsil müəssisəsinə fiziki olaraq getmədən qeydiyyatdan keçərək elektron formada müraciət edə biləcəklər. Bununla əlaqədar müraciət edən şəxsin "Digital.Login" qeydiyyatının olması zəruridir. Qeydiyyatdan uğurla keçmiş namizədlər iyun ayı ərzində əyani şəkildə keçiriləcək qəbul imtahanlarında iştirak edəcəklər.

Qəbul üç əsas istiqamət üzrə həyata keçirilir: musiqi, rəssamlıq və xoreoqrafiya. Müraciət edən şəxslər qeydiyyat zamanı həm ixtisas istiqamətini, həm də imtahan vermək istədikləri ərazini (şəhər və ya rayonu) seçmək imkanı əldə edirlər.

I sinfə qəbul üçün yaş hədləri təhsil müddəti və ixtisas istiqamətlərinə uyğun olaraq müəyyənləşdirilib: 7 illik təhsil üzrə musiqi alətləri sinfinə (fortepiano, simli alətlər) 6 yaşdan 8 yaşadək, xor sinfinə 7 yaşdan 10 yaşadək; 5 illik təhsil üzrə musiqi alətləri sinfinə (fortepiano, xalq çalğı, simli və nəfəs alətləri) 8 yaşdan 12 yaşadək, xanəndəlik və vokal siniflərinə 7 yaşdan 11 yaşadək, xoreoqrafiya sinfinə 6 yaşdan 10 yaşadək; 4 illik təhsil üzrə rəssamlıq sinfinə 8 yaşdan 12 yaşadək.

Bundan əlavə, məktəblərin I sinfinə ödənişli əsaslarla qəbul zamanı aşağı yaş həddi saxlanılmaqla yuxarı yaş həddi 29 yaş müəyyən olunub.

Musiqi sahəsi üzrə 5 illik və ya 7 illik tam kursu bitirmiş məzunlar onbirillik musiqi məktəblərində təhsillərini davam etdirmək üçün elektron qaydada müraciət edərək VIII sinfə qəbul imtahanlarında iştirak edə bilərlər.
Qəbul imtahanlarının vaxtı və yeri barədə məlumatlar şəxsi kabinet, SMS məlumatlandırma xidməti və elektron poçt vasitəsilə namizədlərə təqdim olunacaq.


SON XƏBƏRLƏR