Azərbaycan ordusunun 31 il öncə şəhid olmuş hərbi qulluqçusunun nəşi Naxçıvana aparılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Sədərək rayonunun Dəmirçi kəndindən olan Məmmədov Muxtar Bayram oğlunun nəşinin Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanma mərasimi keçirilib.
Mərasimdə dövlət rəsmiləri, qazilər, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin üçrəngli bayrağa bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Yaylım atəşi açılıb, Qurani-Kərimdən ayələr oxunub.
Sonra şəhidin cənazəsi doğulduğu Sədərək rayonunun Dəmirçi kəndinə yola salınıb.
Şəhid Şərur şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Muxtar Məmmədov Birinci Qarabağ müharibəsində iştirak edib, 1994-cü il yanvarın 16-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.