23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğuna yeni qəbul edilmiş əməkdaşların andiçmə mərasimi olub.
Bakıvaxtı.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət qulluqçularının səmərəli fəaliyyətlərinin daim yüksək qiymətləndirildiyini, Prezident İlham Əliyevin yeni Sərəncamı ilə Nazirliyin daha 10 əməkdaşının “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildiyini bildirib.
O, təltif olunmuş Nazirlik əməkdaşları adından göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkürünü ifadə edib. 2018-ci ildən Nazirliyin 117 əməkdaşının dövlət təltiflərinə layiq görüldüyü diqqətə çatdırılıb.
Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda müasir tələblərə uyğun, demokratik dəyərlər üzərində, çevik dövlət idarəetmə sisteminin qurulduğu vurğulanıb. Prezident İlham Əliyevin uğurlu islahatlar proqramı nəticəsində ölkəmizdə dövlət qulluğu sisteminin daim inkişaf edərək təkmilləşdirildiyi bildirilib.
Qeyd edilib ki, dövlətimizin başçısının “Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır”, "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” sözləri dövlət qulluqçuları üçün başlıca fəaliyyət prinsipləridir.
S.Babayev nazirlikdə dövlət qulluğuna yeni qəbul edilən əməkdaşları bu münasibətlə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova Nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesinin nəticələri barədə məlumat verib.
2018-2024-cü illərdə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş müsabiqə və müsahibələrdə uğur qazanmış 1000-ə yaxın şəxsin Nazirlik sistemində inzibati vəzifələrə işə qəbul olunduğu diqqətə çatdırılıb.
Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumatlara əsasən, sertifikat və ümumi müsahibə nəticələri əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət qulluğuna qəbul edilənlərin sayına görə dövlət orqanları sırasında birinci yerdə olduğu bildirilib.
Tədbirdə Azərbaycanın dövlət himni səslənib və yeni işə qəbul olunan 74 nəfər əməkdaş and içib. Onlar çıxış edərək göstərilən inam və etimadı daim layiqli səviyyədə doğruldacaqlarını vurğulayıblar. Dövlət qulluğuna yeni qəbul olunmuş əməkdaşlara xidməti vəsiqələr təqdim edilib.