"İsrailin Baş naziri Benyamin Netanyahunun qeyri-adekvat addımları İsrail dövlətini bataqlığa sürükləyir".
Bunu İsrailin hazırda yürütdüyü siyasətin gələcək taleyinə mümkün təsirlərini şərh edən siyasi şərhçi Əli Zülfüqaroğlu Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Qəzzada törədilən qırğın, eyni zamanda İsrailin bir sıra ölkələrə təcavüzü dünya ictimaiyyəti və dövlətlərinin İsrailə qarşı münasibətini kəskin şəkildə dəyişib:
"Tarixdə ilk dəfə olaraq, müttəfiq dövlətlər də İsrailə qarşı kəskin bəyanatlar verir və bu ölkə ilə münasibətlərinə korrektələr edirlər. Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu ilə bağlı qərarı, bir sıra dövlətlərin İsraillə əlaqələrini kəsməsi Təl-Əvivi çətin vəziyyətə salıb. Məhz bu siyasətin nəticəsi olaraq, suveren Fələstin dövlətini tanıyan ölkələrin sayı getdikcə artır”.
Siyasi şərhçi hesab edir ki, İsrailə iqtisadi sanksiyaların tətbiq edilməsi isə vəziyyəti daha da ağırlaşdıracaq. Dediynə görə, Netanyahu bütün imkanlarından və sionist lobbinin ABŞ-dəki rıçaqlarından istifadə edərək, öz siyasətini davam etdirməkdə israrlı görünür:
“Ona görə də hesab edirəm ki, sanksiyalar və digər təzyiq vasitələri İsrailin müharibəni dayandırması və konstruktiv siyasət yürütməsinə hesablanmayıb. Çünki Netanyahunun geriyə yolu yoxdur. Vəziyyət elə bir mərhələyə çatıb ki, İsrail dövləti bataqlığa sürüklənib və xalq bunun günahını Netanyahuda görür".
Əli Zülfüqaroğlu: İsrailin normal qonşuluq münasibətləri qurmasının yeganə yolu Netanyahunun hakimiyyətdən getməsidir
Ə.Zülfüqaroğlunun fikrincə, bölgədəki sabitlik aparılan siyasətin İsrail dövlətinə vurduğu zərərləri önə çıxaracaq, nəticədə hökumətə qarşı etiraz dalğası güclənəcək. Bu problemləri arxa plana keçirmək üçün hazırkı hökumətə daimi düşmən və daimi təhdidlər lazımdır. Bu isə Təl-Əviv tərəfindən gərginliyin davam etdirilməsini qaçılmaz edir:
"Təbii ki, dövlətlər də bunu görürlər. İsrailin təcrid olunması və iqtisadi sanskiyalarla Netanyahuya qarşı daxildə etirazları gücləndirmək və onun hakimiyyətdən getməsinə nail olmaq istəyirlər. Bu istiqamətdə əksər Qərb dövlətləri ilə islam ölkələri eyni mövqedən çıxış edirlər”.
“Ona görə də bölgədə sabitlik və İsrailin normal qonşuluq münasibətləri qurmasının yeganə yolu Netanyahunun hakimiyyətdən getməsidir", - deyə Əli Zülfüqaroğlu qeyd edib.
Gülşən Şərif