Azərbaycan dilinin və mədəniyyətin qorunması ilə bağlı mövcud qanunvericilikdə hüquqi mexanizmlərin boşluğu hiss olunur.
Bakıvaxtı.az xəbər verir ki, bunu filologiya elmləri doktoru, akademik Nizami Cəfərov mədəniyyət konsepsiyasının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, mədəniyyət və dil sahəsində müxtəlif layihələr hazırlanıb və bu proses aidiyyəti qurumlarla birgə həyata keçirilib. Lakin mövcud qanunlar praktikada real təsir mexanizmləri yaratmır və bir çox hallarda məsuliyyət məsələsi açıq qalır.
Nizami Cəfərov bildirib ki, Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, xalqın psixologiyasını, milli kimliyini və dövlətçiliyini ifadə edən əsas dəyərdir. Bu baxımdan dil məsələsi mədəniyyətin ayrılmaz hissəsi olmaqla yanaşı, birbaşa milli birlik və dövlət maraqları ilə bağlıdır.
Akademik qeyd edib ki, bir çox sahələrdə qanun pozuntularına görə konkret cəzalar müəyyənləşdirildiyi halda, dil və mədəniyyət sahəsində bu mexanizmlər yetərincə formalaşmayıb:
“Cinayət törədən şəxs üçün cəzalar aydındır. Axı pis yazan yazıçını necə cəzalandıraq? Bu sahədə cəza müəyyənləşdirmək mexanizmi yoxdur”.
Onun fikrincə, mədəniyyət haqqında qanunlar hüquqi baxımdan gücləndirilməli, tələblər və məsuliyyət mexanizmləri dəqiq müəyyənləşdirilməlidir.
Cəfərov vurğulayıb ki, mədəniyyət sahəsində problemləri yalnız siyasi çağırışlarla həll etmək mümkün deyil. Bu sahə konkret hüquqi əsaslar üzərində qurulmalı və yaradıcı mühitin sağlam şəkildə formalaşmasına xidmət etməlidir.
Zeynəb Rzayeva
Bakı 




