Novruz bayramı Azərbaycanda yazın gəlişinin, ailəvi görüşlərin və milli adət‑ənənələrin qeyd olunduğu əsas bayramlardan biridir.
Bu dövrdə insanlar şəhərdən kənarda - xüsusilə turistik bölgələrdə istirahət etməyə üstünlük verirlər. Ən çox seçilən yerlər arasında Şəki, Qəbələ, Şamaxı, Quba‑Qusar, həmçinin cənub bölgəsi - Lənkəran və Lerik yer alır.
Bu bölgələrdə milli proqramlar, şənliklər və bayram tədbirləri təşkil olunur, turistlər üçün müxtəlif əyləncələr planlaşdırılır.
Bayram vaxtı otellərin qiymətlərinin yüksəlməsinin bir neçə səbəbi var. Əsas səbəb yüksək tələbdir: uzun müddətli bayram tətili dövründə insanlar daxili turizmi artırır, otellər tez dolur və qiymətlər buna uyğun olaraq artır.
Bununla yanaşı, bir çox otel bayram üçün xüsusi proqramlar, konsertlər, milli yeməklər və əlavə xidmətlər təqdim edir ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olur.
Əlavə olaraq, bayram dövründə otellərdə əməliyyat xərcləri artır - əlavə personal, əyləncə və spa xidmətləri qiymətə təsir edir. Erkən rezervasiya etməyən turistlər isə bayram yaxınlaşdıqca daha yüksək qiymətlərlə qarşılaşır.
Bakıvaxtı.az Booking.com və digər portallara əsasən, Novruz bayramında otellərin qiymətlərini lüks və büdcə kateqoriyalarına görə sıralayıb.
Lüks və premium otellərdə qiymətlər gecəlik 200-350 AZN və daha yüksək ola bilər.
Məsələn, “Lankaran Springs Wellness Resort”, “Basqal Resort & SPA” və Qəbələdəki dağ otelləri bu kateqoriyaya daxildir. Bu otellər bayram üçün xüsusi proqramlar, spa və yüksək standart xidmətlər təklif etdikləri üçün qiymətlər də yüksək olur.
Orta seqmentdə isə qiymətlər daha münasibdir.
Sadə otellər və hostellərdə gecəlik 40-120 AZN, orta səviyyəli otellərdə isə 70-150 AZN civarında dəyişir.
Məsələn, Şəkidəki “Macara Sheki City Hotel”, Qubadakı “Golden Coast Hotel” və Bakı şəhərindəki orta büdcəli otellər bu kateqoriyaya aiddir. Bayram dövründə bu qiymətlər adətən 20-40 faiz artmış olur.
Qısa müqayisə göstərir ki, lüks otellərdə adi gün qiyməti 150-250 AZN civarında ikən, bayram vaxtı 200-350 AZN olur.
Orta səviyyə otellərdə adi gün qiyməti 90-150 AZN, bayramda 120-200 AZN, büdcə otellərdə isə 20-80 AZN, bayramda 40-120 AZN civarında dəyişir.
Turistlərə tövsiyə olunur ki, bayram üçün yerləri erkən rezervasiya etsinlər, alternativ "guesthouse" (qonaq evi) və kirayə evlərinə baxsınlar, həmçinin müxtəlif platformalarda qiymət müqayisəsi aparsınlar.
Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov deyib ki, bayram günlərində otel və turizm mərkəzlərində qiymətlər əhəmiyyətli dərəcədə artır:
"Regionlarda, xüsusilə Quba, İsmayıllı, Qusar, eləcə də Lənkəran və Astarada qiymətlər digər yerlərə nisbətən daha yüksəkdir. Novruz bayramı ərəfəsində ardıcıl 10 gün qeyri-iş günü olduğu üçün tələbat artır və otel qiymətləri 30–50 faiz qalxa bilər".
Onun sözlərinə görə, orta səviyyəli otellərdə gecələmə haqqı səhər yeməyi ilə birlikdə 200–300 manat arasında dəyişir, iri otellərdə isə şənlik və əyləncə proqramları da təklif olunur. Qiymətlər bəzi hallarda 150 manatdan 500 manatadək yüksələ bilər:
"Ən əlverişli qiymətlər isə Gəncə və Naftalandadır – gecələmə haqqı təxminən 80 manatdır. Həmçinin, bu regionlara qatar yolu ilə də səyahət mümkündür. Ümumilikdə, regionlarda gərginlik və Azərbaycanın xaricə gedən turistlərinin daxili turizm bazarına yönəlməsi qiymətlərin artmasına təsir göstərir".
Əli Hüseynov
Bakı 




