Çox güman ki, əksər insanların ətrafında sosial şəbəkə dələduzlarının tələsinə düşünlər olub. Müxtəlif vasitələrlə, üsullarla vətəndaşlar aldadılır, onlardan kifayət qədər pul mənimsənilir.
Dələduzluq yollarından biri də şəxsin sosial şəbəkə hesabını oğurlayaraq onun yaxınlarından pul alınmasıdır.
Maraqlıdır, profili oğurlanan şəxsin adından edilən dələduzluq hallarında məsuliyyət kimin üzərindədir?
Paşa Səfərov, Hüquqşünas
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Paşa Səfərov bildirib ki, sosial şəbəkə hesabı vasitəsilə dələduzluq əməli törədilərsə, o zaman məsuliyyəti sosial şəbəkə hesabının sahibi daşıyır.
P.Səfərov nəzərə çatdırıb ki, əgər sosial şəbəkə hesabı sahibinin xəbəri olmadan digər şəxs tərəfindən qanunsuz yolla ələ keçirilibsə, bu zaman məsuliyyət sosial şəbəkə sahibinin deyil, onu istifadə edənin üzərində qalır:
“Təbii ki, bu halda sosial şəbəkə hesabı sahibi törədilmiş əməlin onun deyil, başqa şəxs tərəfindən törədildiyini sübut etməlidir. Odur ki, sosial şəbəkə hesabı sahibi hesabının qanunsuz olaraq başqa şəxs tərəfindən ələ keçirilməsi vəziyyəti ilə qarşılaşdığı zaman dərhal müvafiq quruma bu barədə məlumat verməlidir”.
Bəs necə edək ki, profillərimiz oğurlanmasın?
Elvin Abbasov, İT üzrə mütəxəssis
Bununla bağlı Bakıvaxtı.az-a danışan İT üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, Azərbaycanda bir neçə ildir sosial şəbəkələr üzərindən vətəndaşların məlumatları sosial mühəndislik vasitəsi ilə tapılır, araşdırılır və həmin şəxslərə fişinq hücumu olunur.
E.Abbasov qeyd edib ki, həmçinin zəng olunaraq vətəndaşların daha öncədən araşdırılmış və əldə olunmuş məlumatlarını özünə təqdim edərək onun inamı, etibarı qazanılır və bundan sonra digər məlumatlar tələb olunur. Ekspert nəzərə çatdırıb ki, bu zaman vətəndaşlar fərqli senaryolar üzərindən manipulyasiya edilir:
“Bu istiqamətdə oğurlanan profillər vasitəsilə vətəndaşın kontaktındakı digər şəxslərə mesajlar göndərilərək onlardan pul vəsaiti istənilir. Hesabı oğurlanan vətəndaşların əgər kart məlumatı əldə olunubsa, oradakı vəsait götürülür. Hətta kredit çəkilərək borca salınır”.
Mütəxəssis vətəndaşlara xəbərdarlıq edərək söyləyib ki, bu tip təhlükələrin qarşısını almaq üçün tanımadıqları insanlara öz məlumatlarını verməməli, açıq resurslarda öz şəxsi məlumatlarını paylaşmamalıdırlar:
“Bu istiqamətdə bir çox ölkədə, həmçinin ölkəmizdə dələduzluq halları baş verməkdədir. Vətəndaşları ayıq-sayıq olmağı, öz fərdi məlumatlarını bölüşməməyi, tanımadıqları şəxslərdən gələn linklərə daxil olmamağı tövsiyə edirəm”.
Mina Mikayılova