Ötən il Azərbaycanda bir nəfərin il ərzində istehlak etdiyi ərzaq məhsullarının miqdarı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycan – Faktlar və Rəqəmlər" adlı bukletində qeyd olunub.
Belə ki, rəsmi statistikaya əsəsən, 2024-cü il ərzində bir nəfər orta hesabla 44,9 kiloqram ət, 195 ədəd yumurta, 223, 6 kq süd və süd məhsulları, 115,9 kiloqram təzə çörək, 139,7 kiloqram tərəvəz, 80,2 kq kartof, 79,1 kiloqram meyvə və giləmeyvə, 26,2 kiloqram şəkər, 8,1 kiloqram bitki yağı və 3,6 kiloqram kərə yağı istehlak edib.
Qeyd edək ki, hazırda Azərbaycanda 11 il öncəki, yəni 2014-cü ildə qəbul olunmuş istehlak səbətinin normaları qüvvədədir.
Həmin qanuna görə, çörək üzrə əmək qabiliyyətli əhalinin bir illik istehlak norması 136,8 kiloqram, ət məhsulları üzrə 32,9 kiloqram, kartof 54,8 kiloqram, süd və süd məhsulları 223,6 kiloqram, bütün növ tərəvəz üzrə 139,7 kiloqram, yumurta üzrə 195 ədəd, şəkər və qənnadı məhsullar üzrə 16,9 kq, bitki yağı üzrə 10,9 kq, kərə yağı üzrə isə 7 kq olaraq müəyyən olunub.
Xatırladaq ki, bu il ərzində minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilib təsdiq olunması gözlənilir.