Xəbər verildiyi kimi, Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət icraata götürülüb. A.Fərmanqızı bundan əvvəlki məhkəmələrdə olduğu kmi sonuncu prosesə də qatılmayıb. Bu gün isə sosial şəbəkədə Xalq artist haqqında növbəti paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, “Instagram” hesabında Kərimovanın bu günə qədər məhkəməyə verdiyi şəxslərdən yazan müğənni Fərmanqızı yerli mətbuatda dərc olunan həmin xəbərlərin başlıqlarının fotosunu da paylaşıb. O, Xalq artistinin indiyədək keçirilən məhkəmələrin heç birini udmadığını deyərək, bu dəfə də belə olacağını iddia edb:
“Baxın bu yaşda insanın etdiyi işlərə. Faiq Ağayev, Röya Ayxan, İlhamə Quliyeva, Ülviyyə Alovlu, sosial şəbəkə istifadəçisi gənc bir xanım və indi də mən. Nəticədə isə hələ heç kimin üzr istədiyi və ya cəza aldığını görmədik.
Əksinə, Faiq bəyin və İlhamə xanımın məhkəməni udduğunu bildik. Ülviyyə xanımla bağlı isə proses hələ də davam edir. Məndə də görməyəcəksən! Çünki qanun şahdır. Bunun ömrü-günü məhkəmələrdə keçib. Hələ bildiklərimiz bunlardır”.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.
Aytac Aslan
















