"Gülsərən Budayıcıoğlunun kitablarını oxumuşam və onun əsərləri əsasında çəkilən “Kırmızı oda”, “Masumlar apartmanı” və “Kral kaybederse” mənim ən sevdiyim seriallardandır. Həmişə də ətrafımdakılara bu seriallara baxmağı tövsiyə etmişəm, çünki orada insanın daxili dünyası, keçmişdən qalan yaraları və sağalma prosesi çox real təsvir olunur. Həmişə istəmişəm ki, bizdə də belə seriallar, filmlər çəkilsin".
Bakıvaxtı.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. İfaçı Azərbaycanda maraqlı ssenari olacaq kitablar yazılmamasından şikayətlənib:
"Bəzən düşünürəm ki, niyə bizdə Gülseren Budayıcıoğlu kimi psixiatrist-yazar yoxdur? Niyə bizim insanlarımız yaşadıqları travmanı başqasına açıq şəkildə danışmaqdan çəkinirlər? Hətta ən yaxınlarına belə başlarına gələn ağır hadisələri deyə bilmirlər. Travmalarını görməzdən gəlirlər, utanırlar, içlərində dərin bir yerdə gizlədirlər.
Bu yaxınlarda Kəmalə Ağazadənin sığınacağında oldum. Orada gördüyüm uşaqların hər birinin taleyindən kitab yazıb, filmlər çəkmək olar. Zorakılığa məruz qalan, diqqətsizlik və sevgisizlik içində böyüyən uşaqlar var orada.
Bu mövzuda Emil Quliyevin “Tillov” serialı alqışa layiqdir. Sığınacaqdakı uşaqların taleyi ilə oxşarlıq çoxdur. Serial mənə çox təsir etdi. Kaş ki, bizdə də bu cür real həyat hekayələrinə toxunan, sosial məzmunlu seriallar çox olsun.
Arzularım çoxdur… İstəyirəm ki, bizim insanlarımız bir-birinə güvənsin. Zorakılığa məruz qalanlar qınaqla deyil, dəstəklə qarşılaşsınlar. Utanmasınlar, öz ağrılarını içlərində basdırmasınlar. Bizdə də Gülseren Budayıcıoğlu kimi psixiatr-yazarlar yetişsin, bu mövzulara daha çox diqqət ayrılsın. İnsanlar bir-birinə dayaq olmağı bacarsınlar. Zorakılığa məruz qalan qadınlar heç vaxt günahkar kimi göstərilməsin, əksinə, hər zaman anlayış, qayğı və dəstək görsünlər".
Bakı 



