2024-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportu 7,537 milyon sərnişinə xidmət göstərib.
Bakıvaxtı.az hava limanının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü illə müqayisədə 31 % çoxdur.
Məlumata əsasən, Heydər Əliyev Beynəlxalq Aeroportu 2024-cü ili infrastrukturun inkişafı, sərnişin axınının əhəmiyyətli artımı və regionun aparıcı aviasiya mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsi ilə başa vurub.
2024-cü il ərzində 59,238 uçuş həyata keçirilib, marşrut şəbəkəsi isə 80 istiqaməti əhatə edib. Hava limanından sərnişinlərə 18-i aşağıbüdcəli (loukoster) olmaqla, 40 aviaşirkət vasitəsilə Avropa, Asiya və Yaxın Şərqi əhatə edən geniş səyahət imkanları təqdim olunub.
Beynəlxalq reyslərdə xarici aviaşirkətlər 3,495 milyon, milli aviadaşıyıcı AZAL isə 3,314 milyon sərnişin daşıyıb. Xüsusilə tranzit daşımalarında yüksək artım qeydə alınıb: tranzit sərnişinlərin sayı 130 % artaraq 373,383 nəfərə çatıb.
Bakı–Naxçıvan–Bakı marşrutu üzrə 2023-cü illə müqayisədə 24 % çox, yəni 3,419 reys həyata keçirilib. Bununla belə, bu istiqamətdə sərnişin dövriyyəsi cəmi 4 % artaraq 728 min nəfər təşkil edib.
Bildirilib ki, 2024-cü il Heydər Əliyev Beynəlxalq Aeroportu üçün beynəlxalq arenada da əlamətdar olub: Skytrax World Airport Awards tərəfindən "Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı" adına layiq görülüb. Üçüncü dəfə ardıcıl olaraq "Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı Heyəti" nominasiyasında qalib gəlib.
Aeroport Beynəlxalq Hava Limanları Şurasına (ACI EUROPE) üzv olaraq qabaqcıl standartlara və innovativ texnologiyalara çıxış əldə edib.
Qeyd edilib ki, strateji inkişaf planı çərçivəsində hava limanında mühüm infrastruktur layihələri icra edilib: Beynəlxalq standartlara uyğun uçuş-enmə zolaqlarından birinin tamamilə yenidən qurulması; Ümumi uzunluğu 4,332 metr olan yeni sürmə yollarının tikintisi və əsaslı təmiri həyata keçirilib.
Sərnişin təcrübəsini yaxşılaşdırmaq məqsədilə müasir uçuşa qeydiyyat (Self Check-In) və baqaj təhvili (Self-service Baggage Drop-Off) üçün özünəxidmət köşkləri quraşdırılıb ki, bu da gözləmə müddətini qısaltmaq, uçuş öncəsi prosedurları sadələşdirmək və sərnişinlər üçün səyahəti daha çevik və rahat edir.
Hava limanı ətraf mühitin qorunması və ekoloji dayanıqlığın təmin olunması istiqamətində də fəal iş aparır: Karbon qazı tullantıları 8% azaldılıb, sistemlərin modernləşdirilməsi nəticəsində 260 kVt/saat elektrik enerjisinə qənaət edilib, Hava limanı Airport Carbon Accreditation (ACA) proqramının ikinci səviyyəsi olan "Azaltma" (Reduction) mərhələsinə nail olub.
Qeyd edək ki, 2025-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu marşrut şəbəkəsinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi yolu ilə xidmət keyfiyyətinin yüksəldilməsi, təhlükəsizlik standartlarının gücləndirilməsi və aviasiya əməliyyatlarının təhlükəsizliyinin prioritet olaraq saxlanılması, eləcə də karbon izinin daha da azaldılması və ekoloji cəhətdən təmiz həllərin tətbiq olunması istiqamətində inkişafını davam etdirəcək.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti