• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Özbəkistan səfiri: “Azərbaycan Orta Dəhlizdə əsas logistika mərkəzidir” - MÜSAHİBƏ

SİYASƏT

15 Aprel 2026 | 14:47

Özbəkistan səfiri: “Azərbaycan Orta Dəhlizdə əsas logistika mərkəzidir” - MÜSAHİBƏ

Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticarət əlaqələri son illərdə yeni mərhələyə qədəm qoyub. Xüsusilə Orta Dəhliz çərçivəsində əməkdaşlığın genişlənməsi, logistika imkanlarının artırılması və birgə istehsal təşəbbüsləri diqqət mərkəzindədir.

Tariflərin unifikasiyası, “yaşıl dəhliz”lərin yaradılması və gömrük prosedurlarının sadələşdirilməsi kimi məsələlər isə iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.

Bu və digər mövzularla bağlı Bakıvaxtı.az-ın əməkdaşı Özbəkistanın Azərbaycandakı səfiri Baxram Aşrafxanovla söhbətləşib.

- Cənab səfir, Özbəkistan üçün Orta Dəhliz çərçivəsində tariflərin sinxronlaşdırılması və logistika məsələləri nə dərəcədə prioritetdir?

- Bu məsələ bizim üçün olduqca актualdır və strateji prioritetlərimiz sırasındadır. Biz bu istiqamətdə Azərbaycanla sıx əməkdaşlıq edirik. Mövcud məsələləri mütəmadi olaraq hökumətlərarası komissiyalarda və ikitərəfli görüşlərdə müzakirəyə çıxarırıq. Məqsədimiz daşınma prosesini daha effektiv, sürətli və iqtisadi baxımdan əlverişli etməkdir.

- Hazırda əsas çətinliklər nələrdir və onların həlli istiqamətində hansı addımlar atılır?

- Əsas çətinliklərdən biri logistika zəncirinin son mərhələsində – yəni məhsulların son təyinat nöqtəsinə çatdırılmasında yaranır. Bildiyiniz kimi, məhsullarımız müxtəlif vasitələrlə – yük avtomobilləri, feeder gəmiləri və dəmir yolu ilə daşınır. Bu marşrutlar üzrə koordinasiyanın gücləndirilməsi vacibdir. Biz bu problemləri birlikdə gündəmə gətirir və mərhələli şəkildə həll edirik.

- “Yaşıl dəhliz”lərin yaradılması məsələsi də gündəmdədir. Bu təşəbbüsün əhəmiyyəti nədən ibarətdir?

- “Yaşıl dəhliz”lərin yaradılması bizim üçün həyati əhəmiyyət daşıyır. Bu, həm gömrük prosedurlarının sadələşdirilməsi, həm də yük daşımalarının sürətləndirilməsi baxımından böyük rol oynayır. Eyni zamanda tariflərin unifikasiyası da çox vacibdir. Biz çalışırıq ki, bu istiqamətdə bütün tərəfdaşlarla koordinasiyalı şəkildə işləyək.

- Azərbaycanla əməkdaşlıq bu prosesdə hansı rolu oynayır?

- Azərbaycan bizim üçün əsas tərəfdaşlardan biridir. Ölkənin əlverişli coğrafi və geoiqtisadi mövqeyi onu regionda mühüm logistika mərkəzinə çevirir. Xüsusilə Bakı üzərindən üçüncü ölkələrə çıxış imkanları çox genişdir. Bu baxımdan Azərbaycan Orta Dəhlizin əsas qovşaqlarından biri hesab olunur.

- Hansı sahələrdə əməkdaşlıq daha aktivdir və hansı məhsullar ön plandadır?

- Hazırda tekstil sənayesi məhsulları, tikinti materialları və kənd təsərrüfatı malları əsas istiqamətlərdəndir. Özbəkistanda bu sahələrdə yüksək keyfiyyətli məhsullar istehsal olunur və biz onların Azərbaycan bazarına, eləcə də buradan üçüncü ölkələrə çıxarılmasını hədəfləyirik.

- Birgə istehsal və vahid brend məsələsi də müzakirə olunur. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, biz “Made in Uzbekistan and Azerbaijan” kimi vahid brend altında məhsul istehsalını perspektivli hesab edirik. Özbəkistan şirkətlərinin Azərbaycana cəlb olunması, burada birgə müəssisələrin yaradılması və ya Azərbaycanın logistika imkanlarından istifadə etməklə məhsulların üçüncü ölkələrə ixracı əsas planlarımız sırasındadır.

- Bu istiqamətdə forum və biznes görüşlərinin rolu nədir?

- Bu cür tədbirlər çox böyük əhəmiyyət daşıyır. Məhz forumlar və B2B görüşlər vasitəsilə sahibkarlar bir-biri ilə birbaşa əlaqə qurur, yeni tərəfdaşlıqlar yaranır və real layihələrin əsası qoyulur. Hazırda xüsusilə tekstil sahəsində belə təşəbbüsləri aktiv şəkildə davam etdiririk.

- Azərbaycan qurumları ilə əməkdaşlıq barədə nə deyə bilərsiniz?

- Bu fürsətdən istifadə edərək Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təşəkkürümü bildirmək istəyirəm. Onlar daim açıq dialoqa hazırdırlar və bizimlə sıx əməkdaşlıq edirlər. Qarşıya çıxan məsələləri birlikdə müzakirə edir və operativ şəkildə həll yolları tapırıq.

- Yekunda, yaxın perspektivdə əsas hədəfləriniz nələrdir?

- Əsas məqsədimiz Orta Dəhliz boyunca daşımaların daha da optimallaşdırılması, logistika xərclərinin azaldılması və ixrac imkanlarının genişləndirilməsidir. Azərbaycanla birlikdə biz bu istiqamətdə böyük potensial görürük və bu əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə inanırıq.

Əli Hüseynov


SON XƏBƏRLƏR