“Ermənistanda revanşist qüvvələr fərqli müxalifət qrupları adı altında hökumətə qarşı fəaliyyətə başlayıblar”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib.
Onun sözlərinə görə, keçmiş prezidentlərin həbs olunma ehtimalı var:
"Onlar da qabaqlayıcı tədbirlər görmək, həbs üçün zəmin yaranana qədər Nikol Paşinyanı devirmək istəyirlər. Bunun üçün Rusiya da hərəkətə keçib. Əsasən də Azərbaycanla təyyarəmizin vurulmasından sonra yaranmış müəyyən siyasi soyuqdlaşma Rusiyanın Ermənistanda rusyönümlü idarəetmə sistemi qurmaq planını önə keçirib ki, Azərbaycana qarşı da İrəvan vasitəsi ilə təziq göstərsin”.
Siyasi şərhçi qeyd edib ki, Paşinyan hökuməti revanşist və radikal qüvvələrdən canını qurtarmaqda israrlı görünür. Hazırkı hökumət gələcək planlarını həyata keçirmək üçün maneçilik yaradan və buna ehtimal verən bütün narahatlıqları aradan qaldırmaq istəyir:
“Qarşıda imzalanmalı olan sülh proqramı var, bunun üçün Ermənistan bir neçə mərhələdən keçməlidir. Həmin prosesi keçmək üçün hazırlıq görülür və müxalifət adı ilə ortaya çıxmış revanşist qüvvələr üçün tədbir planları hazırlanır. Müxalifət bilir ki, 2026-cı il seçkilərinə qədər Paşinyanı devirə bilməsələr sonra heç mümkün olmayacaq. Ona görə ki, Azərbaycanla sülh müqaviləsi imzalansa Paşinyanın nüfuzu və reytinqi artacaq. Eyni zamanda hakimiyyət də düşünür ki, seçkilərə qədər rəqiblərini sıradan çıxarmalıdır".
Analitik vurğulayıb ki, xaricdən təsirlər də əhəmiyyətli rol oynayır:
"Revanşist qüvvələr və digər radikal qruplar əsasən Rusiya və Fransa kimi dövlətlərin müəyyən dairələri tərəfindən himayə edilir, baza kimi, təsir vasitəsi kimi qorunur. Ermənistanla Azərbaycan arasında sülh baş tutaraq münasibətlərin tam həllini tapdığı halda Türkiyənin də qüdrəti və rolu artır, regionda münaqişə ehtimalı minimuma enir. Bu halda hazırda Türkiyə əleyhdarlarının maraqları dalana dirənir. Onun üçün də mümkündür ki, Hindistanın əli ilə Ermənistanı silahlandıranlar revanşistləri hakimiyyətə gətirib keçmiş münaqişəsini təzədən qaldırmağa cəhd etsinlər. Məqsəd regionda Türkiyənin rolunu, təsirini azaltmaq, gedən proseslərdəki həlledici əhəmiyyətini minimuma endirmək cəhdidir. Əks halda Ermənistanda hakimiyyəti dəyişmək heç kəsə maraqlı deyil. Yalnız Rusiyanın təsiri burada əhəmiyyətli dərəcədə mövcuddur”.
Tural İrfan: Azərbaycanla sülh müqaviləsi imzalansa Paşinyanın nüfuzu və reytinqi artacaq
Müsahibimiz hesab edir ki, Paşinyan hakimiyyəti bu proseslərdən öz xeyrinə istifadə edəcək.
“Onun qalmasında maraqlı olanlar getməsində maraqlı olanlardan daha çoxdur və daha israrlıdır. Paşinyan yaxın bir neçə ay ərzində eks prezidentlərin məsuliyyətə cəlb edilməsinə nail olacaq", - deyə Tural İrfan vurğulayıb.
Qeyd edək ki, Ermənistanda Nikol Paşinyan hökuməti ilə müxalifət, xüsusən revanşistlər, "Qarabağ klanı"nın tərəfdarları arasında mübarizə gərginləşib. Nikol Paşinyan Robert Köçəryan və Serj Sarkisyanı debata çağırıb. Ardınca parlament sədri Alen Simonyan deyib ki, 2008-ci ildə baş vermiş qanlı hadisələri prokurorlar araşdırırlar və qatillər cəzalandırılacaq. Söhbət 2008-ci il martın 1-də İrəvanda keçirilən dinc aksiyalar zamanı etirazçılara odlu silahlardan atəş açılmasından gedir. Olaylar zamanı 15-ə yaxın insan öldürülüb. Bu məsələyə görə sabiq prezident Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan və digərləri ittiham olunur. Robert Köçəryan barəsində artıq cinayət işi açılıb. Spiker bildirib ki, bəzi cinayət işləri var:
"Prokurorlar məşğul olacaqlar, arxasınca düşəcəklər, o zaman məlum olacaq ki, 2008-ci ildə İrəvana qoşun yeridən, irəvanlıları güllələyən kimlərdir”.
Simonyanın sözlərinə görə, bütün bunları xalq tələb edir. Parlament sədri Serj Sərkisyan və Robert Köçəryanı digər cinayətlərdə də ittiham edib:
“Bu insanlar çoxsaylı cinayətlər törədiblər, seçkiləri saxtalaşdırıblar, adamları güllələyiblər, adam öldürüblər, oğurluqlar edib, siyasi qətllər törədiblər, dövlət əmlakını mənimsəyiblər, başqa ölkələrə (Rusiyaya) bağışlayıblar”.
Aydın Baxış