Özbəkistan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 10-da bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən xəbər verilib.
Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırdı.
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olundu, əlaqələrin müttəfiqlik səviyyəsinə çatmasının əhəmiyyəti vurğulandı.
İkitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran bir çox sahələrdə inkişaf perspektivləri müzakirə edildi.
Ə.Əsədov Özbəkistan yığmasının tarixdə ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanması münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik etdi.