Azərbaycan və Pakistan arasında hüquqi sahədə əlaqələrin möhkəmləndirilməsi məqsədilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə naziri Azam Nazir Tararın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Nazirliyin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Ardınca Şəhidlər xiyabanı, Zəfər Parkı və Zəfər abidəsi ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi anılıb.
Daha sonra ədliyyə naziri Fərid Əhmədov pakistanlı həmkarı ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında hüquqi sahədə mövcud əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb, həmçinin siyasi, iqtisadi, ticarət və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub.
Tərəflər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü ilin iyul ayında Pakistana dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nun əhəmiyyətinə toxunublar.
Memorandumun icrası məqsədilə görüşdə beynəlxalq müqavilə olmayan “Əməkdaşlıq Proqramı” imzalanıb. Proqram çərçivəsində rəqəmsal ədliyyə, ədalət mühakiməsində süni intellektin tətbiqi, hüquq sahəsində elmi tədqiqatların aparılması, eləcə də təhsil və tədrisin təşkil edilməsi, qanunvericiliyin işlənməsi, mübahisələrin alternativ həlli sahəsində əməkdaşlıq və digər aktual istiqamətlər üzrə təlimlərin təşkili planlaşdırılır. “Əməkdaşlıq Proqramı”nın icrası məqsədilə tərəflər Fəaliyyət Planının hazırlanması barədə də razılığa gəliblər.
Görüş zamanı Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığın yüksək qiymətləndirildiyi bildirilib, qarşılıqlı səfər və təmasların hüquqi sahədə əməkdaşlığın daha da inkişafına töhfə verdiyi vurğulanıb. Həmçinin tərəflər gələcək əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.