Vaşinqtonda keçirilən sülh görüşünün nəticələri tarixi hadisə kimi qiymətləndirilərək bildirilib ki, Prezident İlham Əliyevin qətiyyətli liderliyi və ABŞ Prezidenti Donald Trampın diplomatik çəkisi regional və qlobal miqyasda dayanıqlı sülhün əsas zəmanətinə çevrilib. Qeyd olunub ki, əldə edilən razılaşma çoxtərəfli siyasi iradənin və liderlər arasında formalaşan qarşılıqlı anlayışın real nümunəsidir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi ilə əldə edilmiş Böyük Zəfər, dayanıqlı sülhün də qazanılması üçün əsasdır:
“Vaşinqton Sülh Platforması bu sülhün yalnız region üçün deyil, qlobal miqyasda da mühüm əhəmiyyət daşıdığını nümayiş etdirdi”.
Muradovanın sözlərinə görə, Vaşinqton görüşündə diqqətçəkən məqamlardan biri Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın bir sıra fundamental dəyərlərdə ortaq mövqedə olması idi:
“Hər iki lider ailə institutunu milli kimliyin və sosial dayanıqlığın əsas sütunu kimi görür. Onlar üçün ailə dəyərlərinin qorunması, gənclərin sağlam mühitdə yetişməsi və uşaq hüquqlarının təmin olunması, dövlətin gələcəyinə yönəlmiş strateji siyasətin ayrılmaz hissəsidir”.
“Trampın ailə institutunun güclənməsini və müharibələrin əleyhinə mövqeyi yüksək tutması, Əliyevin də siyasi prioritetləri ilə üst-üstə düşür. Hər iki lider anlayır ki, insan amilinin inkişafı, təhsildən sosial müdafiəyə qədər bütün sahələrdə ailənin güclənməsi ilə sıx bağlıdır. Azərbaycanın multikultural dəyərlərin qorunmasına, sosial rifahın artırılmasına və post-münaqişə dövründə ailələrin bərpasına verdiyi önəm, ABŞ-ın da dəstəklədiyi universal humanitar prinsiplərlə uyğunluq təşkil edir”, – deyə o əlavə edib.
Bahar Muradova: Vaşinqton Sülh Platforması bu sülhün qlobal miqyasda da mühüm əhəmiyyət daşıdığını nümayiş etdirdi
Bahar Muradova bildirib ki, Qafqaz regionu tarixən böyük güclərin maraqlarının kəsişdiyi strateji məkandır:
“Burada davamlı sülhün yaradılması yalnız regional liderlərin deyil, həm də beynəlxalq tərəfdaşların aktiv əməkdaşlığını tələb edir. Vaşinqton görüşündə ortaya qoyulan ortaq mövqe, təhlükəsizlik arxitekturasının yalnız çoxtərəfli siyasi zəmanətlə möhkəmlənə biləcəyini göstərdi”.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması perspektivi bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir:
“Layihə təkcə iqtisadi əlaqələri genişləndirməyəcək, həm də regionda sabitliyi gücləndirəcək. ABŞ-nin siyasi dəstəyi, dəhlizin qlobal ticarət xəritəsində strateji mövqeyə sahib olmasına şərait yaradacaq”.
“Diplomatik baxımdan Vaşinqtonda əldə olunan razılaşma, sülh prosesinin yalnız iki tərəfin deyil, çoxtərəfli siyasi iradənin məhsulu olduğunu bütün dünyaya nümayiş etdirdi. İlham Əliyevin qətiyyəti və Donald Trampın diplomatik çəkisi ‘lider-lider’ sinerjisinin nümunəsinə çevrildi. Bu, sülhün davamlılığı üçün yalnız region dövlətlərinin razılığının kifayət etmədiyini, qlobal güclərin də siyasi zəmanətinin vacibliyini göstərdi”, – Muradova vurğulayıb.
O qeyd edib ki, ABŞ-ın iştirakı Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa uyğun olduğunu və ədalətli sülhün təmininə yönəldiyini təsdiqlədi: “Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında strateji tərəqqi və insan kapitalının inkişafı prioritet təşkil edir. Vaşinqton razılaşması yalnız hərbi münaqişənin bitməsi deyil, həm də yeni iqtisadi imkanlar, texnoloji əməkdaşlıq və təhsil layihələri deməkdir”.
Komitə sədri əlavə edib ki, ABŞ-ın texnoloji və innovativ potensialı ilə Azərbaycanın gənc və dinamik insan kapitalının sinerjisi, post-münaqişə dövründə ölkənin sürətli inkişafına təkan verəcək: “Zəngəzur dəhlizinin istifadəyə verilməsi, region gənclərinin əmək bazarına çıxış imkanlarını genişləndirəcək, yeni biznes və startap ekosistemlərinin yaranmasına şərait yaradacaq. Bu layihəyə verilən dəstək, onu təkcə iqtisadi deyil, həm də sülhün möhkəmləndirilməsinə yönəldilmiş qlobal təşəbbüs kimi dəyərləndirməyə imkan verir”.
“Vaşinqton görüşü Azərbaycanın müstəqil siyasətinin, İlham Əliyevin prinsipial liderliyinin və Donald Trampın diplomatik çəkisinin birləşərək, həm regional, həm də qlobal miqyasda sülhün bünövrəsini yaratdığını sübut etdi. Hazırda dayanıqlı sülhə çoxtərəfli müəlliflik onun ən böyük zəmanəti kimi çıxış edir”, - deyə Bahar Muradova yekunlaşdırıb.