Vaşinqtonda avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin paraflanması Qafqaz regionu üçün onilliklər boyu davam edən düşmənçilik və qanlı münaqişələrdən sonra tarixi bir mərhələdir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "I24 News" telekanalına müsahibəsində deyib.
O bildirib ki, bu saziş ili ölkə arasındakı münasibətlərin normallaşmasında çox önəmli bir irəliləyişdir:
"Hazırda bu irəliləyiş sadəcə sazişin paraflanmasıdır, yəni yekun imzalanma deyil. Daha irəli getmək üçün Ermənistanın konkret addımlar atması, xüsusən də Azərbaycan əleyhinə ərazi iddialarını aradan qaldırmaq məqsədilə Konstitusiyasını dəyişdirməsi lazımdır".
Diplomat ABŞ Prezidenti Donald Trampın şəxsi iştirakı və diplomatik çəkisinin bu nəticənin əldə olunmasında həlledici olduğunu vurğulayıb:
"Ümid edirəm ki, bu proses Qafqazda əməkdaşlıq, sabitlik və iqtisadi tərəqqi üzərində qurulmuş yeni bir dövr açacaq".
Azərbaycanın vasitəçi rolunun artması, xüsusilə İran və İsrail arasında vasitəçilik barədə soruşulduqda Əmirbəyov bildirib ki, Azərbaycan 1991-ci ildən müstəqilliyini əldə etdikdən sonra çoxvektorlu xarici siyasət aparır:
"Biz İsrail və İranla münasibətlər də daxil olmaqla daxil olmaqla qarşılıqlı hörmət və suverenlik prinsiplərinə əsaslanan münasibətlər qururuq".