Humay Axundzadə
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri
Son illər Azərbaycanda boşanma statistikasına aid bəzi rəqəmlər bu sahədə müəyyən artımın olduğunu deməyə əsas verir. Lakin statistikaya istinadların yarımçıqlığı, rəqəmlərin geniş demoqrafik kontekstdə nəzərdən keçirilməməsi boşanma sahəsində vəziyyətin olduğundan daha dramatik görünməsinə gətirir. Bəli, boşanma sayında artım vardır, bu danılmazdır. Lakin onunla bərabər hər il bağlanan nikah sayındakı azalma birtərəfli və qərəzli şəkildə şərh edilir. Çox vaxt il ərzində baş verən boşanmalar da bu kontekstdə müzakirə olunduqda Azərbaycanda ailə institutu haqqında ümumiyyətlə pessimist mülahizələr səslənir. Bəzi rəqəmlərə nəzər salaq:
Ölkəmizdə 2008-ci ildə bağlanan nikah sayı 79964, boşanma sayı 7933 olub, yəni birincinin ikinciyə nisbəti təqribən 10-a bərabər idi. 2018-ci ildə rəqəmlər müvafiq olaraq nikah üçün 62484 və boşanma üçün 14857, 2021-ci ildə isə 56314 və 17191 olub. Bu dinamikaya əsaslanaraq, nikah və boşanma nisbətinə nəzər salsaq, əvvəlki nisbətin əvvəlcə 4,2-yə, daha sonra isə 3,3-ə qədər endiyi aydın olur. Hətta 2023-cü il üçün bu nisbətin 2,5-ə bərabər olduğu üzə çıxır - 54200- nikah sayı, 21688- boşanma sayıdır (Mənbə: Dövlət Statistika Komitəsi, Əhali, Nikah və boşanmalar).
Nikah sayının azalması, boşanma sayının artması şübhəsizdir. Lakin bu hər iki qurulan ailənin dağılması deməkdirmi? Xeyr. Çatışmayan statistik rəqəmlərdən biri boşanan insanların nə zaman evlənməsidir. Aydındır ki, indi boşananların bir qismi az öncə evlənsə də, digərləri az ya çox illər əvvəl nikaha giriblər. Nikahın hansı illərində boşanmaların daha çox baş verməsi, indi boşananların əsasən hansı illərə nikaha girmiş olduğunu naməlumluğu yuxarıdakı nikah-boşanma nisbətinə əsasən “hər iki bağlanan nikahın biri sonlanır” kimi yalnız təsəvvür formalaşdırır.
Bəs, nikaha girənlərin sayı niyə azalır? Bu tipli suallara cavab verən ekspertlərin bəziləri haqlı olaraq, ümumən dünyada və ölkədə nikah yaşının artmasını, bunu müasir dövrün qaçılmaz cəhəti olduğunu söyləyirlər. Digərləri gənclərin nikaha girməməsini yalnız iqtisadi amillərlə əlaqələndirirlər. Ancaq nəzərdən yayınan başqa bir sual var? Ölkədə nikah yaşına çatanların sayı il-ildən necə dəyişir?
Bu suala cavabı Azərbaycan əhalisinin yaşa görə demoqrafik strukturuna nəzər salaraq, tapmaq mümkündür. Azərbaycan əhalisi çoxsaylı dünya ölkələrinin əhalisi ilə müqayisədə cavandır. Ancaq əhalinin tədricən qocalması qlobal demoqrafik keçidin qaçılmaz tərkib hissəsidirş və ölkəmizdə də orta yaş zəif sürətlə də olsa, artır, başqa sözlə müəyyən tempdə əhalinin qocalması baş verir. Bu isə o deməkdir ki, nikah yaşına çatan əhali kütləsi son 15 ildə azalma tendensiyasını nümayiş etdirir. Bu tendensiyanı Azərbaycan Respublikasının Dövlət Statistikası Komitəsinin “Əhali. Əhalinin cins və yaş qrupları üzrə bölgüsü” sənədinə əsaslanan aşağıdakı cədvəldə görmək olar:
İllər Əhalinin sayı Yaş qrupları
20-24 25-29
2010 8997.6 939.2 819.9
2011 9111.1 946.2 843.2
2012 9235.1 944.6 873.0
2013 9356.5 937.2 898.2
2014 9477.1 920.3 923.6
2015 9593.0 902.8 936.8
2016 9705.6 873.3 943.6
2017 9810.0 842.2 941.9
2018 9898.1 799.9 934.2
2019 9951.4 735.3 927.7
2020 9974.0 692.0 879.7
2021 10026.1 661.1 844.9
2022 10063.3 644.5 801.4
2023 10127.1 640.2 759.8
2024 10180.8 637.4 721.1
2025 10224.9 649.2 689.2
Daha əvvəlki onillikdə isə elə bir zaman aralığı olub ki, bu dövrdə ölkə əhalisinin yaş strukturunda nikah yaşına çatanların sayında artım qeydə alınıb.
İllər Əhalinin sayı Yaş qrupları
20-24 25-29
2000 8032.8 657.7 623.9
2001 8114.3 692.5 617.1
2002 8191.4 720.7 613.3
2003 8269.2 748.2 620.1
2004 8349.1 780.1 640.1
2005 8447.4 809.9 661.5
2006 8553.1 833.7 699.4
2007 8666.1 873.8 736.2
2008 8779.9 900.3 771.1
2009 8922.4 925.6 794.3
Bu isə öz növbəsində həmin illərdə “nikah bumu”nda, yəni bir ildə baş tutan nikah sayının artmasında rol oynayıb. “Nikah bumu” deyərkən isə, aşağıdakı rəqəmlərə nəzər salaq. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2004-cü ildən etibarən hər il nikaha girənlərin sayında sürətli artım baş verib. 2004-cü ildə bu say 62177 olubsa, 2005-də 71643, 2007-də 81758, 2011-də 88145 olmaqla pik həddinə çatıb. Daha sonrakı illərdə isə müvafiq yaşa çatan vətəndaşların sayında azalma baş verdiyindən, nikahların da sayında tədricən azalma olub: 2014-də 84912, 2017-də 62 484, 2021-də 56314 olmaqla, tədricən 2004-cü ilə qədərki rəqəmlərə yaxınlaşma baş verib (Mənbə: Dövlət Statistika Komitəsi, Əhali, Nikah və boşanmalar). Bu isə o deməkdir ki, bir ildə baş tutan nikahların sayının azalması evlənmək istəyinin azalması, iqtisadi amillərlə deyil, ilk növbədə obyektiv demoqrafik rəqəmlərə istinad edilərək təhlil olunmalıdır.
Şübhəsiz, o da qeyd olunmalıdır ki, boşanmaların da sayında artım baş verir. Lakin bu artım öz-özlüyündə yalnız boşanmanın müxtəlif səbəblərdən artması deyil, həm də daha əvvəlki illərdə bağlanan nikahların daha çox olmasından qaynaqlanıb. Beləliklə, nikah sayının son onilliklərdə nikah yaşına çatan əhali kütləsinin azalması ilə bağlı azaldığını nəzərə almadan nikah-boşanma nisbətinin azalmasını birtərəfli şərh etmək metodoloji baxımdan doğru deyildir.
Digər statistik rəqəmlərin müqayisəsi
Müqayisələrdə istifadə olunan başqa bir statistik rəqəm əhalinin hər min nəfərinə düşən nikah və boşanma sayıdır. Müqayisələrdə istifadə olunan başqa bir statistik rəqəm əhalinin hər min nəfərinə düşən nikah və boşanma sayıdır. Dövlət Statistika Komitəsinin 2024-cü il üçün son məlumatlarına əsasən bu rəqəmlər nikah üçün 4,9-dür, boşanmalar üçün 2,1-dir (Mənbə: Dövlət Statistikası Komitəsi. Əhali. Rəsmi qeydə alınmış nikah və boşanmaların sayı və ümumi əmsallar). 2021- ci ildə nikah sayı 5,6 olub. Boşanma sayında isə 2021- ci ildən artım vardır, həmin il müvafiq rəqəm 1,7 olub. Müqayisə üçün qeyd edək ki, həmin il Rusiyada boşanma göstəricisi 3,9, ABŞ-da 2,7, Almaniya və Böyük Britaniyada 1,7, qonşu Gürcüstanda 2,7, Qazaxıstanda isə 4,6 olub (Mənbə: World Population Review). Əlavə edək ki, Gürcüstanda boşanma sayında kəskin artım baş verərək, 2024-cü il üçün 3,7 olub. Bu rəqəmlərin daha müfəssəl müqayisəsində əhalinin demoqrafik strukturunu da nəzərə almaq lazım olsa da, ümumilikdə qeyd edək ki, artım tendensiyası demək olan ki, bütün ölkələrdə müşahidə olunur. Azərbaycan üçün isə artımdan sonra olan rəqəmlər ümumi şkalada orta səviyyədən aşağıdır.
Boşanmalar Sosial Tədqiqatlar Mərkəzinin göstəricilərində
İndiyədək STM-in həyata keçirdiyi müxtəlif sorğularda demoqrafik suallar sırasında bir qayda olaraq, ailə vəziyyəti də soruşulub. Ötən illərdə ölkə miqyasında aparılan sorğularda müvafiq sual üzrə alınan nəticələrin orta göstəriciləri belədir: yetkinlik yaşına çatmış respondentlər arasında subay olanlar 14,5% , evlilər – 75%, dul – 7%, boşanmış 3,5% olub. Yəni, boşanmışlar bütün digər qruplardan daha az olmaqla, respondentlərin cüzi hissəsini təşkil edir. 2019-cu ildən başlayaraq toplanılan sorğu göstəricilərində məhz boşanmış respondent qrupunun ümumi kütləsində kəskin artım qeydə alınmayıb. Sorğularda müəyyən xəta əmsalının qaçılmazlığı, insanların bəzi hallarda ailə vəziyyətini fərqli deməsi labüd olsa da, yenə də ailə vəziyyətinə əsasən ayrılan qruplar arasında ciddi faiz fərqləri gerçək əhali kütləsində boşanmış insanların sayını təxmin etməyə imkan verir.
Boşanma sayı artıbmı? Bəli, artıb. Bu, ailə institutunun sonlanması deməkdirmi? Xeyr. Bu, ailə institutunda baş verən dərin transformasiyalar və ailəyə yeni formalı dəstək mexanizmlərinin gərək olduğu deməkdir. Bu mexanizmlərin işlənilməsi statistik rəqəmlərə daha müfəssəl baxış, eyni zamanda çatışmayan statistik məlumatların, habelə boşanma ilə bağlı yerli tədqiqat bazasının yaradılması vacibdir. Belə bir baza xarici, ümumiləşmiş təcrübələrə deyil, yerli kontekstə uyğun yanaşmaların hazırlanması üçün zəruridir. Qeyd edək ki, yaxın vaxtlarda Sosial Tədqiqatlar Mərkəzi tərəfindən ilk dəfə olaraq ölkə üzrə boşanmış insanlarla həyata keçirilən tədqiqatın nəticələri işıq üzü görəcəkdir.
Bakı 




