Gülüstan Sarayında Veysəloğlu Şirkətlər Qrupu tərəfindən hər il ənənəvi olaraq təşkil edilən “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti, Qrupun tərkibinə daxil olan şirkətlərin rəhbərləri, idarəetmə komandası və müxtəlif struktur bölmələrinin rəhbərləri iştirak ediblər. Tədbirin əsas məqsədi ötən ilin nəticələrinin qiymətləndirilməsi, əldə olunan uğurların bölüşülməsi və qarşıdakı dövr üçün strateji prioritetlərin müəyyənləşdirilməsi olub.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Veysəloğlu Şirkətlər Qrupunun himni təqdim olunub.
Davamında ölkəmizin və Şirkətlər Qrupunun 2025-ci il ərzində əldə etdiyi nailiyyətləri əks etdirən videoçarxlar nümayiş etdirilib.
Tədbir çərçivəsində Qrupun əsas biznes istiqamətləri üzrə fəaliyyət göstərən "Veysəloğlu-Distribusiya", "OBA" marketlər şəbəkəsi, "Veysəloğlu-Rossmann", "Veysəloğlu-Əmlak" və "Araz" supermarketlər şəbəkəsinin rəhbərləri tərəfindən təqdimatlar keçirilib. Çıxışlarda şirkətlərin ötən dövr üzrə fəaliyyət nəticələri, bazar mövqeləri və gələcək inkişaf strategiyaları barədə ətraflı məlumat verilib.
Proqramın davamında şirkətlərin idarə heyəti üzvlərinin iştirakı ilə panel müzakirəsi təşkil olunub. “Rəqəmsal dövrdə strateji rəhbərlik və komanda sinerjisi” mövzusuna həsr olunan paneldə iştirakçılar müasir idarəetmə modelləri, innovativ yanaşmalar və komanda əməkdaşlığının əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.
Tədbirin ikinci hissəsində Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşları ilə əməkdaşlıq təcrübəsini əks etdirən videoçarx təqdim olunub. Ardınca şirkətin korporativ dəyərlərinə və təşkilati mədəniyyətinə uyğun olaraq “Vəfa Zirvəsi” mükafatlarının təqdimatı keçirilib.
Daha sonra şirkət rəhbərləri tərəfindən “Komanda işi” nominasiyaları üzrə fərqlənən əməkdaşlar təltif olunub. Həmçinin bütün Şirkətlər Qrupunu əhatə edən “İlin nominasiyaları” çərçivəsində qalib layihələr mükafatlandırılıb.
Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Veysəloğlu "VŞQ"nin inkişaf strategiyası, korporativ dəyərlərin gücləndirilməsi və gələcək hədəflərlə bağlı fikirlərini bölüşüb.
Gecənin sonunda əvvəlki illərin qaliblərinin xronoloji təqdimatı nümayiş etdirilib və “Təsisçidən Özəl”, “İlin Ən Mənfəətli Şirkəti” və “İlin Şirkəti” nominasiyaları üzrə qaliblər mükafatlandırılıb.
Qeyd edək ki, “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri Veysəloğlu Şirkətlər Qrupunun daxilində strateji planlaşdırmanın gücləndirilməsi, komanda birliyinin möhkəmləndirilməsi və institusional inkişafın təşviqinə xidmət edir.
Bakı 














