Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında edilən dəyişikliklər regionun idarəetmə modelində ciddi institusional yenilənmənin başladığını göstərir. Ən diqqət çəkən məqam Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun konstitusion status almasıdır.
Bu addım faktiki olaraq Muxtar Respublikanın idarəetmə sistemində mərkəzi hakimiyyətlə əlaqələrin daha aydın və birbaşa mexanizm üzərindən qurulmasına xidmət edir. Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi” maddəsinin Konstitusiyadan çıxarılması muxtar respublikanın əvvəlki siyasi modelində mövcud olan xüsusi status elementlərinin yenidən nəzərdən keçirildiyini göstərir. Bu dəyişikliklər Naxçıvanın idarəetmə strukturunun Azərbaycanın ümumi dövlət idarəetmə sistemi ilə daha çox uyğunlaşdırılması istiqamətində atılmış addım kimi qiymətləndirilir.
Digər tərəfdən, Ali Məclisin buraxılması mexanizminin müəyyən edilməsi, Nazirlər Kabinetinin Ali Məclisə tabe olmaması və yerli icra hakimiyyəti başçılarının Prezident tərəfindən təyin edilməsi kimi müddəalar Naxçıvanda icra hakimiyyətinin rolunu gücləndirən yeni idarəetmə modelinin formalaşdığını göstərir. Bu dəyişikliklər muxtar respublikada siyasi və inzibati qərarların qəbul edilməsində daha mərkəzləşdirilmiş və koordinasiyalı sistem yaratmağa yönəlib.
Eyni zamanda, seçkilərin təyin olunması və normativ aktların qəbul edilməsi ilə bağlı mexanizmlərin dəqiqləşdirilməsi hüquqi sistemin daha şəffaf və funksional işləməsinə xidmət edir.
Ümumilikdə, Konstitusiyaya edilən bu dəyişikliklər Naxçıvanın idarəetmə sisteminin yenilənməsi və Azərbaycan dövlət idarəçiliyi ilə institusional uyğunluğun daha da gücləndirilməsi kimi qiymətləndirilə bilər.
Ruslan Zəngəzur
Bakı 




