Son dövrlərdə yeniyetmələr arasında evdən uzaqlaşma hallarının artması müşahidə olunur. Bu tendensiya təkcə ailədaxili problemlərlə deyil, həm də sosial və psixoloji faktorların təsiri ilə izah edilir. Acınacaqlı məqamlardan biri isə ondan ibarətdir ki, bu halların böyük hissəsi qız yeniyetmələr arasında qeydə alınır. Araşdırmalara əsasən, evdən qaçma halları daha çox 15–20 yaş aralığında müşahidə olunur.
Bəs gəncləri bu addımı atmağa vadar edən əsas səbəblər nələrdir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirib ki, yeniyetmələrin evdən uzaqlaşması adətən birdən-birə baş verən davranış deyil, uzun müddət yığılan emosional gərginlik və anlaşılmama hissinin nəticəsidir.

Elnur Rüstəmov: Valideynlərin maarifləndirilməsi vacib istiqamətlərdəndir
Onun sözlərinə görə, bu yaş dövrü şəxsiyyətin formalaşdığı, müstəqillik ehtiyacının artdığı və emosional həssaslığın yüksəldiyi bir mərhələdir. Yeniyetmə həm ailədən dəstək gözləyir, həm də özünü fərd kimi təsdiqləmək istəyir. Bu balans pozulduqda isə daxili konfliktlər yaranır və nəticədə evdən uzaqlaşma davranışı formalaşa bilər.
E. Rüstəmov vurğulayıb ki, əsas səbəblərdən biri ailədaxili emosional ünsiyyətin zəif olmasıdır. Valideyn–övlad münasibətləri formal xarakter daşıdıqda, yeniyetmənin fikirləri dinlənilmədikdə və ya o, daimi tənqidə məruz qaldıqda, özünü anlaşılmamış və dəyərsiz hiss edir. Bu halda ev onun üçün təhlükəsiz mühitdən daha çox psixoloji təzyiq məkanına çevrilir.
“Eyni zamanda sosial mühit və sosial şəbəkələrin təsiri də mühüm rol oynayır. İdealizə olunmuş həyat tərzinin təqdimatı bəzi yeniyetmələrdə real həyatdan uzaq gözləntilər formalaşdırır. Bu gözləntilər ailə reallığı ilə üst-üstə düşmədikdə isə konfliktlər daha da dərinləşir.
Təhsil mühitindəki təzyiq, gələcəklə bağlı qeyri-müəyyənlik və özünü müqayisə etmə halları da yeniyetmələri psixoloji baxımdan çətin vəziyyətə salır. Bəzi hallarda isə bu vəziyyətdən çıxış yolu kimi evdən uzaqlaşma seçilir”, – deyə psixoloq qeyd edib.
Müsahibimiz əlavə edib ki, bu cür halların qarşısının alınması üçün cəzalandırıcı yanaşmadan daha çox anlayış, emosional dəstək və açıq ünsiyyət mühitinin yaradılması vacibdir. Onun sözlərinə görə, məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi və valideynlərin maarifləndirilməsi də əsas istiqamətlərdəndir.
“Bu davranışlar problem kimi deyil, siqnal kimi qiymətləndirilməlidir. Yeniyetmənin evdən uzaqlaşması onun daxilində cavabsız qalan ehtiyacların göstəricisidir və bu ehtiyaclara vaxtında cavab verilməsi həm ailənin, həm də cəmiyyətin məsuliyyətidir”, – deyə E. Rüstəmov bildirib.
Zeynəb Rzayeva
Bakı 




