Milli Məclisin deputatı Zahid Oruc Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilən sənədlərə münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, bəzi Avropa təsisatlarının regionla bağlı mövqeyi ikili standartlar və ziddiyyətli yanaşmalar üzərində qurulub.
Zahid Oruc bildirib ki, 90-cı illərdən bu günə qədər Qarabağ münaqişəsi ilə bağlı bir sıra beynəlxalq dairələr tərəfindən “öz müqəddəratını təyin etmək hüququ”, “dondurulmuş münaqişə” və “status-kvo” kimi anlayışların yanlış interpretasiyası işğalın siyasi müstəvidə ört-basdır edilməsinə xidmət edib.
Deputatın sözlərinə görə, 2020-ci il Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlara baxmayaraq, bəzi Avropa institutları regionda sülh prosesini dəstəkləmək əvəzinə, Azərbaycanın ərazi bütövlüyünə zidd olan yanaşmalar sərgiləməkdə davam edir.
“Avropa Parlamenti tərəfindən qəbul edilən bəzi sənədlərdə ‘Dağlıq Qarabağ’ kimi köhnəlmiş terminlərin işlədilməsi və birtərəfli siyasi yanaşmalar regionda sülh və normallaşma prosesinə xidmət etmir”, – deyə o qeyd edib.
Zahid Oruc vurğulayıb ki, belə yanaşmalar Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesinə də mənfi təsir göstərir və regionda gərginliyin saxlanılmasına səbəb olur.
Onun fikrincə, beynəlxalq təşkilatlar regionda real sülhün təmin olunmasına dəstək verməli, separatizmi təşviq edən və ya keçmiş münaqişə narrativlərini canlandıran addımlardan çəkinməlidirlər.
Deputat sonda bildirib ki, Azərbaycan tərəfi sülh prosesinin davamlı olması üçün öz mövqeyini beynəlxalq ictimaiyyətə ardıcıl şəkildə çatdırmaqda davam edəcək.
Əli Hüseynov
Bakı 




