q
  • Bakı 15° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Güləş qələbəsi fonunda dövlət siyasəti və milli identitetin güclənməsi

SİYASƏT

01 May 2026 | 12:56

Güləş qələbəsi fonunda dövlət siyasəti və milli identitetin güclənməsi

Azərbaycan güləşçilərinin Avropa çempionatında komanda hesabında birinci olması sadəcə idman uğuru kimi yox, daha geniş siyasi və sosial kontekstdə qiymətləndirilməlidir.

Bu qələbə ölkənin beynəlxalq arenada artan nüfuzunun, daxili idarəetmə modelinin və gənclər siyasətinin real nəticəsi kimi çıxış edir. Dövlət başçısının güləşçilərlə görüşündə səsləndirilən fikirlər göstərir ki, idman artıq yalnız fiziki fəaliyyət sahəsi deyil, milli gücün və kollektiv kimliyin formalaşmasında strateji alətə çevrilib . Bu yanaşma xüsusilə qalib dövlət narrativinin möhkəmləndirilməsi baxımından diqqət çəkir.

Məsələnin digər tərəfi sistemli inkişaf modelidir. Çıxışda seleksiya və məşq prosesinin düzgün qurulmasına xüsusi vurğu edilməsi təsadüfi deyil. Bu, idmanda spontan nəticələr deyil, institusional yanaşmanın üstünlük təşkil etdiyini göstərir. Bölgələrdə infrastrukturun yaradılması, Olimpiya komplekslərinin genişləndirilməsi və gənclərin erkən mərhələdə idmana cəlb olunması uzunmüddətli strategiyanın elementləridir. Bu model klassik olaraq dövlətin insan kapitalına investisiya siyasətinin bir hissəsi kimi dəyərləndirilə bilər və nəticə etibarilə davamlı uğurların əsasını formalaşdırır .

Eyni zamanda, çıxışda diqqət çəkən məqamlardan biri idman və vətənpərvərlik arasında qurulan əlaqədir. Bayrağın qaldırılması və himnin səsləndirilməsi kimi simvolik elementlər vasitəsilə idman uğurları cəmiyyətin emosional birliyini gücləndirən faktora çevrilir. Bu isə xüsusilə gənc nəslin formalaşmasında mühüm rol oynayır. İdmançıların qazandığı qələbələrin yalnız şəxsi nailiyyət kimi deyil, kollektiv qürur mənbəyi kimi təqdim olunması dövlət ideologiyasının sosial əsaslarını möhkəmləndirir. Bu yanaşma post-münaqişə dövründə milli konsolidasiyanın saxlanması baxımından da funksionaldır.

Digər vacib aspekt isə idmançıların davranış modeli ilə bağlıdır. Çıxışda yalnız medallar deyil, həm də idmançıların cəmiyyət içində nümunəvi davranışı ön plana çəkilir. Bu, idmanın etik ölçüsünün dövlət səviyyəsində prioritet kimi qəbul olunduğunu göstərir. Xüsusilə beynəlxalq yarışlarda qarşılaşılan ədalətsizliklər fonunda belə ləyaqətli davranışın vurğulanması, Azərbaycan idmanının yalnız nəticə yönümlü deyil, həm də dəyər əsaslı inkişaf etdiyini ortaya qoyur . Beləliklə, idman sahəsi həm fiziki, həm də mənəvi kapitalın paralel şəkildə formalaşdırıldığı strateji platformaya çevrilir.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR