Şuşada Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması üzrə pilot layihəyə start verilib.
Bu barədə Bakıvaxtı.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, layihə çərçivəsində Şuşada keçirilən ilk görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, özəl sektor və vətəndaş cəmiyyəti institutları iştirak edib.
Tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov DİM-lərin lokallaşdırılmasının əhəmiyyəti, bu istiqamətdə dövlət qurumlarının rolu və qarşıda duran əsas prioritetlər barədə məlumat veriblər.
Müzakirələr zamanı DİM-lərin lokallaşdırılması prosesi, bu sahədə beynəlxalq təcrübə, şəhər səviyyəsində tətbiqin sosial-iqtisadi təsirləri, eləcə də dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin bu prosesdə rolu nəzərdən keçirilib. Eyni zamanda qarşıdakı mərhələdə həyata keçiriləcək fəaliyyətlər və koordinasiya mexanizmləri barədə fikir mübadiləsi aparılıb.
Həmçinin, Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində akademik heyət və tələbələrlə görüş təşkil olunub. Tədbirdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov və iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov DİM-lərin elmi tədqiqatlarda rolu və lokallaşdırma prosesində akademik dairələrin töhfəsi barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, DİM-lərin lokallaşdırılması üzrə yeni istiqamətə başlanılıb. Bu çərçivədə Şuşa və Naxçıvan şəhərləri pilot ərazilər kimi müəyyən edilib və qarşıdakı illər ərzində DİM-lərin yerli səviyyədə tətbiqi və inteqrasiyası istiqamətində mərhələli fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Bakı 




