Martın 5-də İranın Naxçıvan istiqamətində mülki infrastrukturu hədəfə alması regionda ciddi narahatlıq yaratdı. Həmçinin zərbənin mülki obyekt - Naxçıvan hava limanı istiqamətinə yönəlməsi hadisəni xüsusilə təhlükəli və həssas edən amillərdən biri kimi qiymətləndirilir. Baş verən hadisə həm siyasi, həm də təhlükəsizlik baxımından regionda gərginliyi artıran addım kimi dəyərləndirilir.
Azərbaycan indiyədək qonşu dövlətlərlə münasibətlərdə mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipinə sadiq qaldığını dəfələrlə bəyan edib. Buna baxmayaraq, İranın Naxçıvanda mülki hava limanını hədəfə alması Bakı-Tehran münasibətlərində ciddi suallar doğurdu və regionda mümkün nəticələr ətrafında müzakirələri gücləndirdi.
İranın Naxçıvanda mülki hava limanını hədəfə alması region üçün hansı siyasi və hərbi nəticələr doğura bilər?
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, İranın Azərbaycana məxsus mülki obyektləri hədəfə alması olduqca yol verilməz addımdır. Bu, İran tərəfindən Azərbaycana qarşı açıq təxribat və terror aktı idi. Belə addımlar təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirə biləcək xarakter daşıyır.
Politoloqun sözlərinə görə, bu hadisənin həm hərbi, həm də siyasi baxımdan ciddi nəticələri ola bilər. Artıq bunun siyasi nəticələri görünməyə başlayıb. Azərbaycan dövləti İranın bu təxribatına dərhal sərt və qəti reaksiya verdi. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq baş verən hadisə ilə bağlı ona etiraz bildirildi və rəsmi xəbərdarlıq edildi: "Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev də baş verən hadisəyə sərt münasibət bildirdi. Dövlət başçısı İranın bu addımının hansı məqsədlər güdə biləcəyi və hansı istiqamətləri hədəf aldığı ilə bağlı mövqeyini açıq şəkildə ifadə etdi. Prezidentin bu məsələyə münasibəti mövcud vəziyyətə uyğun və adekvat qiymətləndirilir.
Azərbaycanın dövlət başçısı ölkəmizə qarşı yönəlmiş bu təxribatı kəskin şəkildə tənqid etməklə yanaşı, İrana ciddi xəbərdarlıq da etdi. Bildirildi ki, baş vermiş hadisə ilə bağlı ətraflı araşdırma aparılmalı, məsul şəxslər müəyyən edilərək cəzalandırılmalıdır. Bununla yanaşı, rəsmi şəkildə Azərbaycandan üzr istənilməsi də tələb olunub".

Elçin Xalidbəyli: Bu hadisənin həm hərbi, həm də siyasi baxımdan ciddi nəticələri ola bilər
E.Xalidbəyli qeyd edib ki, hadisənin hərbi nəticələri ehtimalı da gündəmdədir. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycan ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Azərbaycanın təhlükəsizliyinə yönəlmiş hər hansı təxribatın və hərbi addımın qarşısını almaq üçün Silahlı Qüvvələr tam hazır vəziyyətdədir:
"Eyni zamanda İrana bildirilib ki, Azərbaycan belə addımlara qarşı hərbi cavab vermək hüququnu da özündə saxlayır. Bütün bunlar göstərir ki, İranın bu hərbi təxribatı kifayət qədər ciddi nəticələr doğurub".
Müsahibimiz vurğulayıb ki, siyasi reaksiyalar artıq ortadadır: Azərbaycan hadisəyə kəskin etirazını bildirib, İran tərəfinə xəbərdarlıq edərək üzr istənilməsini tələb edib. Bu fonda İranın gələcəkdə oxşar təxribatlara əl atmaması vacib hesab olunur. Çünki rəsmi Bakının mesajlarında belə addımların hərbi nəticələrinin də ola biləcəyi açıq şəkildə vurğulanıb.
Zeynəb Rzayeva
Bakı 




