ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə aparılan danışıqlar çərçivəsində müəyyən güzəştlərə gedə biləcəyini bildirib. Onun sözlərinə görə, real və davamlı razılaşmaya nail olmaq üçün bütün tərəflər qarşılıqlı güzəştə hazır olmalı, bu prosesdə Avropa da fəal iştirak etməlidir.
Tramp vurğulayıb ki, müharibənin nəticələri ilk növbədə Avropa qitəsinin təhlükəsizliyinə və siyasi sabitliyinə daha ciddi təsir göstərir. Hazırkı mərhələdə əsas sual tərəflərin həqiqətən güzəştə hazır olub-olmamasıdır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə danışıqlarda güzəştlərin gündəmə gəlməsi beynəlxalq münasibətlərdə yeni mərhələni işarələyir:
“Tərəflərin güzəştə hazır olub-olmaması isə həm siyasi iradədən, həm də daxili ictimai-siyasi balanslardan asılıdır. Rusiya üçün əsas məsələ təhlükəsizlik təminatlarının verilməsi və sanksiyaların yumşaldılmasıdır. Ukrayna isə ərazi bütövlüyünün qorunmasını və suverenliyinin tanınmasını prioritet hesab edir. ABŞ bu prosesdə vasitəçi rolunu oynayaraq tərəfləri masada saxlamağa çalışır. Avropa isə müharibənin iqtisadi və sosial nəticələrini ən çox hiss edən tərəfdir. Ona görə də Avropa İttifaqının aktiv iştirakı danışıqların uğuru üçün vacibdir”.
Müsahibimiz qeyd edib ki, güzəştə getmək üçün ilk addım atəşkəsin davamlı şəkildə təmin edilməsidir:
“İkinci addım humanitar dəhlizlərin açılması və mülki əhalinin qorunmasıdır. Üçüncü addım iqtisadi sanksiyaların mərhələli şəkildə yumşaldılması ola bilər. Dördüncü addım isə mübahisəli ərazilərin statusu ilə bağlı beynəlxalq mexanizmlərin yaradılmasıdır. Tərəflərin güzəştə hazır olması yalnız qarşılıqlı etimadın formalaşması ilə mümkündür. Bu etimad isə uzun illər davam edən gərginliyin fonunda asanlıqla yaranmır. Ona görə də diplomatik təşəbbüslər ardıcıl və davamlı olmalıdır. ABŞ-ın rolu burada balanslaşdırıcı faktor kimi görünür”.

Tural İsmayılov: Müharibənin dayandırılması yalnız kompromis əsasında mümkündür
Politoloq vurğulayıb ki, Avropa isə müharibənin dayandırılmasında iqtisadi stimullar təqdim edə bilər:
“Rusiya üçün əsas güzəşt sanksiyaların yumşaldılmasıdır. Ukrayna üçün isə təhlükəsizlik zəmanətlərinin verilməsi həyati əhəmiyyət daşıyır. Bu prosesdə beynəlxalq təşkilatların iştirakı da vacibdir. BMT və ATƏT kimi qurumlar monitorinq mexanizmləri yarada bilər”.
Həmsöhbətimiz deyib ki, güzəştlərin uğurlu olması üçün tərəflər maksimalist mövqelərdən uzaqlaşmalıdır. Əks halda danışıqlar nəticəsiz qalacaq.
“Müharibənin dayandırılması yalnız kompromis əsasında mümkündür. Kompromis isə hər iki tərəfin müəyyən itkiləri qəbul etməsini tələb edir. Bu reallığı qəbul etmək danışıqların uğurunun açarıdır”, - deyə Tural İsmayılov əlavə edib.
Aynur Babazadə
Bakı 




