ABŞ Ticarət Palatası, ABŞ Dövlət Departamenti və Ticarət Nazirliyi ilə birlikdə Azərbaycana ilk dəfə ikitərəfli biznes missiyası təşkil edir. Missiya fevralın 9-10-da Bakıda baş tutacaq.
İkigünlük səfər çərçivəsində yüksək səviyyəli nümayəndə heyəti ABŞ şirkətlərinə Azərbaycan dövlət orqanları, dövlət şirkətləri və özəl sektorun aparıcı oyunçuları ilə birbaşa əlaqə qurmaq imkanı yaradacaq. Əsas diqqət energetika və rəqəmsal transformasiya, müdafiə və nəqliyyat, kənd təsərrüfatı və səhiyyə, maliyyə və investisiyalar üzərində cəmləşəcək.
Deputat Elşad Musayev Bakıvaxtı.az-a deyib ki, belə bir missiyanın təşkili böyük hadisədir.
Onun sözlərinə görə, ABŞ Ticarət Palatası, Dövlət Departamenti və Ticarət Nazirliyi ilə birlikdə Azərbaycana ilk dəfə ikitərəfli biznes missiyasının təşkili sadəcə ticari yox, həm də siyasi hadisədir:
“Nəzərə alaq ki, ABŞ dünyanın super gücüdür. Bütün ölkələr çalışır ki, ABŞ ilə iqtisadi-ticari əlaqələr qursun. ABŞ həmçinin, texnologiyaların mərkəzində olan bir ölkədir. Ölkələr də çalışırlar ki, Amerikanın yeni texnologiyalarından istifadə etsinlər, təcrübə qazansınlar”.

Elşad Musayev: ABŞ ilə iqtisadi-ticari əlaqələləri dərinləşdirmək ölkəmiz üçün böyük əhəmiyyət daşıyır
Müsahibimiz qeyd edib ki, missiyada yer alan qurumlar və şəxslər investisiyaya qərar verənlərdir. Bu, çox önəmli məqamdır. Onun sözlərinə görə, ABŞ qurumları ilk növbədə Azərbaycanda enerji, nəqliyyat-logistika sahəsi, rəqəmsal texnologiyalar, səhiyyə, kənd təsərrüfatı sahələrində mövcud mühiti öyrənmək istəyirlər:
“Ölkəmizdə yerli mühitlə tanış olandan sonra qərar veriləcək. Təbii ki, missiya üzvləri Azərbaycanda dövlət rəsmiləri və iri şirkət rəhbərləri ilə görüşlər keçirəcəklər. Azərbaycan da öz maraqları çərçivəsində zəruri addımları atacaq. ABŞ kimi böyük bir dövlətlə iqtisadi-ticari əlaqələləri dərinləşdirmək ölkəmiz üçün böyük əhəmiyyət daşıyır”.
“Azərbaycan ona görə seçildi ki, biz Cənubi Qafqazda istisadi baxımdan ən aparıcı ölkədir və potensialımız çox böyükdür. Həmçinin, yeni reallıqlar fonunda tarixi şərait də bunu diktə edir”, - deyə Elşad Musayev əlavə edib.
Aydın Baxış
Bakı 




