• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

"Patı" əməliyyatı edən polis komandasına hədə-qorxu gəldilər - EKSKLUZİV AÇIQLAMA

CƏMİYYƏT

26 Avqust 2021 | 16:56

"Patı" əməliyyatı edən polis komandasına hədə-qorxu gəldilər - EKSKLUZİV AÇIQLAMA

Son 2-3 aydır ki, hər gün ən azı 5-10 nəfər narkotik, xüsusilə də “patı” istifadə etdiyi üçün tutulur. Maraqlısı odur ki, daxili işlər orqanlarının bu qədər əməliyyatlar aparmasına baxmayaraq, narkotik istifadəçiləri bitmir və hələ də davam edir. Nə baş verdi ki, bu qədər insan birdən-birə axınla narkotik istifadə etməyə başladı?

Mövzu ilə bağlı psixoloq Elmir Əkbər Bakıvaxtı.az-a danışıb

Söz yox ki, narkotik asılılıqları daim olan bir problemdir. Bunun da arxasında insanların xüsusi, psixoterapevtik, psixoloji durumu durur. Müəyyən qrup xarakterə malik insanlar daim narkotikdən, alkoqoldan, qumar kimi asılılıq yaradan oyunlardan, ən dəhşətlisi isə şəkərdən və asan həzm olunan karbohidratlardan asılı hala düşürlər. Açıq etiraf edirəm, bunu hamı bilməlidir ki, bəzən həkimlər  insanları ümiddən salmamaq üçün müalicə prosesinin asan olduğunu deyirlər. Ancaq, əslində, belə deyil. Bu, uzunmüddətli, çətin, qəliz və hərtərəfli yanaşma tələb edən bir problemdir.  Ən böyük bədbəxtlik odur ki, bir qrup insan məlumatsızlıqdan elə bilir ki, bu qan yumaqla, sistem qoşdurmaqla, ya da dərmanla filan düzəlir. Xeyr, bunları etmək həmin şəxslər üçün xəstəlikləri daha da əbədiləşdirir. Qanı yuyulur, bir müddət sonra yenidən istifadə etməyə başlayır. Yəni onun müalicəsi qanyuma deyil. Bu birinci növbədə psixoterapevtik problemdir. Ona görə də, bunu ancaq psixoterapevtik üsullarla, hərtərəfli yanaşmaqla  müalicə etmək mümkündür. Bu işdə həmin şəxsin ailəsi aktiv olaraq iştirak etməlidir. İnsanlar bilməlidir ki, bu məsələ zaman, enerji və xərc tələb edən məsələdir. Çünki bəzən biz psixoterapevt olaraq məsləhət görürük ki, misal üçün, bu insan evini satıb köçməlidir filan yerə. Belə hallar olur və təbii ki, bunu etmək üçün madiyyatı göz önünə almalıdır.

Özünün və ya övladının həyatını xilas etmək üçün dünyapərəstliyindən, pulgirliyindən əl çəkib evini satıb başqa yerə köçməyə cəhd etməlidir. Ümumiyyətlə, psixoloji problemlər elədir ki, onların həlli yoluna çıxan adam hər şeyi gözə almalıdır. Prioritet olaraq birinci yerə sırf bunun müalicəsini qoymalıdır. Bəri başdan deyim ki, ay mənim bu evim qəşəngdir, ay pulumu yastığımın altında saxlayıram, camaat nə deyər deyən insanlar müalicə olunmayacaq. Onlar əziyyət çəkib harasa gedib həkimlərin də vaxtını almasınlar.   Yalnız birmənalı olaraq nə deyilirsə ona əməl edən, qətiyyətli, həyatında birinci yerə narkotikdən və ya hansısa asılılığından azad olmağı qoyan insan müalicə oluna bilər. Belə olmasa, həmin adam müalicə oluna bilməyəcək. Bu, sadəcə baş aldatma olacaq, yəni bir müddət uzaq durduqdan sonra yenə həmin vəziyyətə qayıdacaq.

Sizə ekskluziv olaraq açıqlamaq istədiyim bir məsələ də var. Mənim sənətimə xas bir şey var ki, cəmiyyətdə baş verən şeyləri bir neçə müddət əvvəldən  başa düşüb praqnozlaşdıra bilir, analiz edib nə ilə bağlı olduğunu tapa bilirik. Necə ki, bir neçə ay bundan qabaq belə bir fikir səsləndirmişdim ki, “ehtiyatlı olun, qadınlara metanfetamin maddələri arıqlamaq adı ilə satırlar.” Yaxınlarda polislər də bu hadisənin belə baş verdiyinin üstünü açdı. Amma məndə olan məlumata görə, bu işin üstünü açan polis komandasına sonradan hədə-qorxu gələn, cəzalandıran da olub. Ona görə ki, bunun arxasında böyük pullar durur. Bu oyuncaq məsələ deyil, bunu sizin, mənim kimi insanlar edə bilməz. Bunun arxasında yüksək səlahiyyətli insanlar durur. Çox heyf ki, bir qrup insanlar böyük pul görəndə azğınlaşır və onu daha da böyütmək istəyir. Ona görə də, biz bu problemləri yaşayırıq. Həmin o qüvvələr, qaraniyyətli adamlar həmişə bazarda bir tələbat yaradırlar, sonra da öz təklifləri ilə gündəmə gəlirlər.  İndi niyə görə bu prosesin baş verdiyini deyim: Bəzi səlahiyyətli, imkanlı insanlar məqsədyönlü şəkildə guya narkomanları müalicə etmək adı ilə müxtəlif mərkəzlər açacaqlar. Bu dəqiqə internetdə bunun aktiv reklamına hazırlaşırlar.

Təbii ki, bunun da başında peşəkar həkim psixoterapevtlər yox, pul qazanmaq istəyən qaraniyyət insanlar duracaq. Onlar həmin o mərkəzlərindən pul qazanmaq üçün loru dildə desək, camaata haqqında danışdığımız narkotikləri, asan şəkildə, ucuz qiymətə paylayırlar ki, əvvəlcə xəstələnənlərin sayı artsın, sonra da o xəstələr müalicə üçün həmin mərkəzlərə getsin. Deməli, adam pulunun bir hissəsini narkotik almağa, ikinci hissəsini də həmin mərkəzdə müalicə almağa tökəcək. Sizcə, həmin mərkəz onu müalicə edəcək? Ay-hay! İnsanları müalicə etmək ona sərf edər?! Baxın, niyə görə həkimin yetişdirilməsi belə uzun müddət çəkir, həkim psixoterapevtin yetişdirilməsi daha uzun müddət çəkir. Düzdü, bizdə bütün dələduzlar yalandan  özünə psixoterapevt, psixoloq adı qoyub, amma, əslində, bu uzun bir yoldur. Bu təhsili almaq üçün, hardasa, sizin 12-14-15 iliniz gedir. Mənə istər Avstriya, istər Moskva, istərsə də digər inistitutlarda onu öyrətdilər ki, biz insanın vicdanlı psixoterapevt olması üçün birinci mütəxəssisin özünün həm psixikası, həm də mənəviyyatı ilə işləyirik. Təsəvvür edin, ay yarım kurs keçmiş adamın vicdanını necə düzəldə bilərlər?! Hələ mən demirəm ki, dediyimiz o qaraniyyətli mərkəzlərdə dayananlar, ümumiyyətlə vicdandan anlayışı olmayan yırtıcı qüvvələrdir. Sizcə, onların məqsədi o insanları sağaltmaq olacaq?! Xeyr, onları daimi pasientlərinə çevirəcəklər. Xəstə gedib bir müddət düzəldikdən sonra yenidən narkotika qayıdacaq və bu beləcə təkrarlanacaq. Baxın belə bir problem ehtimalı çox böyükdü.

Lakin, həmişə olduğu kimi, indi də mən deyirəm səbəbkar, günahkar kimdir? İki şəxs: bir həmin insanın özü, iki onun çevrəsi, ailəsi, valideyni və digərləri. Çünki sizin evinizin bünövrəsi möhkəmdirsə, heç bir külək onu uçurda bilməz. Deməli, bunun qurbanı psixoloji, psixoterapevtik düzgün formalaşmamış insanlar, yeniyetmələr və gənclərdir. Əgər bizdə psixoterapevtik olaraq ailə məktəbi güclü olsa idi, bu hal onların başına gəlməzdi. Nə qədər onların uşağını pis yola çəkən olsa da o uşaq pis yola düşməyəcəkdi. Mən bunu deyəndə heç vaxt düşünməyin ki, həmin şəxsin atasının anasının pis adam olduğunu düşünürəm. Söhbət pis, yaxşı olmaqdan getmir. Söhbət ondan gedir ki, hətta yaxşı insanın da böyük səhvləri ola bilər ki, onun əziyyətini övladları çəkəcək. Yəni doğru psixoterapevtik hazırlanma yaxşılığa, pisliyə baxmır. Bizim əhalinin də, çox heyf ki, psixoterapevtə müraciət mədəniyyəti son dövrlər başlayıb. O da kütləvi informasiya sahələrinin sayəsində artıb. Ona görə də, sizə xüsusi təşəkkür düşür, çünki düzgün təbliğat aparırsınız. Amma hələ də kifayət deyil. Ona görə də, insanlar düzgün təsəvvürləri yoxdur deyə vaxtında müraciət etmirlər. Düşünürəm ki, bunun qarşısını polislər vasitəsilə almaq mümkünsüzdür. Düzdür, qanunvericilikdə müəyyən ciddiləşdirilmələr olmalı, istifadəçilərə qarşı tədbirlər görülməli, yayanlara, satanlara qarşı tədbirlər ağırlaşdırılmalıdır. Ancaq polisin funksiyası artıq törənmiş cinayəti açmaq, cavabdehləri cəzalandırmaqdır, onun qarşısını almaq isə düzgün təbliğatın, həkim psixoteraapevtlərin, klinik psixoloqların üzərinə düşür. Ancaq Azərbaycanda bu kadrlar yox səviyyəsindədir. Mənşəyi bəlli olmayan yerlərdən sertifikat alanlar özünə psixoloq, psixoterapevt deyir. Ona görə də bu saxta mütəxəssislər, mərkəzlər araşdırılmalı, onları reklam edənlər cinayətə cəlb olunmalıdır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR