Enerjili yay günlərindən sonra payız fəsli insanlara daha sönük və yorucu gəlir. Bəlkə də, bu səbəbdəndir ki, bir çox insan payız fəslində depressiyaya düşür.
Payız depressiyası ilə necə mübarizə apara bilərik?
Psixoloq Günay Kərimi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, payız özünü bəzən sevgi, bəzən isə depressiya ayı kimi göstərir: “Bir çox insan payız və qış aylarında depressiyaya düşür. Yay aylarında günəşin dadını çıxarır, çiçəklərdən, dənizdən bol enerji alırıq. Beləliklə, əhval-ruhiyyəmiz güclənir. Biz buna öyrəşirik. Çox az insan yayda depressiyaya düşür. Payız fəsli gəldikdə isə yarpaqlar saralır, hava tutulur, günəş özünü az-az göstərir. Buludlu, tutqun hava insanların əhval-ruhiyyəsinin çökməsinə səbəb olur. İnsanlar adaptasiya yaşamaqda çətinlik çəkirlər. Bu hal bir çox insanda gizli depressiya da yarada bilər. Bəziləri bu vəziyyətdən çıxa bilir, bəziləri isə qurtula bilmir”.
Onun sözlərinə görə, depressiya insanın həyat keyfiyyətini aşağı salan ağır psixoloji pozuntudur: “Bu vaxt insan neqativ düşüncələrə qapılır. Yuxusuqluq, yataqdan çıxmaq istəməmək, iştahsızlıq, həddən çox yemək yemək həyatdan zövq almağa mane olur. Bunun kökkündə yatan səbəblər daha çox çarəsizlik, ümidsizlik hissi olur. İnsan düşdüyü vəziyyətdən çıxış yolu tapa bilmir. Ən pisi də odur ki, depressiyaya düşən insan daim belə qalacağını düşünür. Əfsuslar olsun ki, uşaqlar arasında da bu hal çox yayılıb”.
Psixoloq qeyd edib ki, gizli olan depressiyada isə insan gündəlik öhdəliklərini yerinə yetirir, lakin heç nədən zövq almır: “Belə insanlar özləri belə depressiyada olduqlarının fərqində olmurlar. Lakin bilməlidirlər ki, bu hal 15-20 gündən çox çəkirsə, depressiya sayılır. Çünki 1-2 günlük əhval-ruhiyyənin olmaması depressiya deyil. Belə vəziyyətdə insanlar istəməsələr belə, özlərini bir növ aktiv həyata, sosiallaşmağa məcbur etməlidirlər. İdmanla məşğul olmaq, açıq havada bol-bol gəzmək, əvvəl zövq aldıqları vərdişləri təkrar etmək, dostlarla tez-tez görüşmək lazımdır. Ətrafdakı insanlar, dostlar, ailə üzvləri də depressiyada olan insanlara kömək etməli, onları tək qoymamalıdırlar. Özü ilə bacarmayan, bu vəziyyətdən çıxa bilməyən insanlar isə, əlbəttə ki, peşəkar psixoloqlara müraciət etməlidirlər. Hava şəraitindən asılı olmayaraq, həyatdan zövq almağı bacarmalıyıq”.
Aytac Aslan
















