“ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Priorin Azərbaycana səfəri regionda kommunikasiyaların açılması məsələsi ilə bağlı ola bilər”.
Bu barədə Bakıvaxtı.az-a siyasi şərhçi Asif Nərimanlı Patrik Priorun Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşünü şərh edərkən bildirib.
Analitik diqqətə çatdırıb ki, hazırda Ermənistan tərəfi Azərbaycandan Naxçıvana gedən yolun nəzarətini lisensiyalı özəl şirkətə verilməsini irəli sürür:
“Əslində bu təklifin müəllifi böyük ehtimalla Qərbdir. Qərb kommunikasiyanın açılmasında Rusiyanın iştirakını istisna edir və bunu Ermənistanın suverenliyi prinsipi ilə əsaslandırır. Lakin Azərbaycanın Naxçıvana təhlükəsiz çıxışı təmin edilməsə, regional kommunikasiyaların açılması sual altına düşəcək. Buna görə həm təhlükəsiz çıxışının açılması, həm də Ermənistanın suverenlik istəyinin təmin edilməsi məqsədilə özəl şirkətin iştirakı gündəmə gəlib”.
Asif Nərimanlı: ABŞ Bakının mövqeyini nəzərə almadan bölgədə hansısa layihəni icrasının mümkünsüz olduğunu anlayır
Müsahibimizə görə, istisna deyil ki, bu özəl şirkət əslində ABŞ başda olmaqla Qərb qüvvələrinin iştirak edəcəyi şirkət olacaq. Bu yolla bölgədə nəzarət imklanlarını artırmaq istəyirlər:
“Mümkündür ki, Pentaqon nümayəndəsi Bakıda bunu müzakirə edir. Belə təmaslar təbii ki, Vaşinqton və Bakı arasında münasibətlərin gərgin fazada davam etməsinin qarşısını alır. Ümumiyyətlə, ABŞ-dən Azərbaycana qarşı ritorik bəyanatlar nə qədər sərt olsa da, Bakının mövqeyini nəzərə almadan bölgədə hansısa layihəni icra etməyin mümkünsüz olduğunu anlayırlar. Bu baxımdan, ritorika bəzən enişli-çıxışlı olsa da, ABŞ Azərbaycanla təmasları kəsməyəcək”.
Qeyd edək ki, ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Vurğulanıb ki, görüşdə ABŞ-Azərbaycan münasibətləri və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib.
Aydın Baxış