• Bakı 20° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

Laçının MDB-nin mədəniyyət paytaxtı olması Ermənistana və Qərbə xüsusi mesajdır

SİYASƏT

09 Oktyabr 2024 | 14:03

Laçının MDB-nin mədəniyyət paytaxtı olması Ermənistana və Qərbə xüsusi mesajdır

“Laçın şəhərinin 2025-ci ildə MDB dövlətlərinin mədəniyyət mərkəzi elan edilməsi kifayət qədər ciddi məsələdir”.

Bunu Bakıvaxtı.az-a politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, bu qərar anidən və təsafüdən verilməyib:

"Söhbət Laçından gedir. Laçın Azərbaycanın işğaldan azad edilmiş əraziləri içərisində çox mühüm bölgədir. Bilirik ki, Qərbdə hazırda hələ də məhz Laçın vasitəsi ilə "ermənilərin Qarabağa qayıdışı”ndan danışırlar. Buna görə Azərbaycana təzyiqlər edirlər. Laçın yaxınlığında Avropa İttifaqının xüsusi missiyası yerləşməkdədir. Laçına anti-terror tədbirlərindən öncə Qərb öz "sülhməramlı missiyası”nı göndərmək istəyirdi. Hələ də o ətraflara Ermənistanın şərti sərhədləri daxilində sülhməramlıların göndərilməsi ilə bağlı cəhdlər müxtəlif  kluarlarda səslənməkdədir. Belə olan təqdirdə Laçının əhəmiyyəti üzə çıxır”.

Müsahibimizə görə, digər yandan 30 il ərzində Azərbaycan-Ermənistan arasında getmiş danışıqlar prosesinə də baxsaq, görərik ki, Şərqi Zəngəzur torpaqları ilə bağlı, yəni Cəbrayılın, Füzulinin, Ağdamın, Zəngilanın Azərbaycana qaytarılması ilə bağlı birmənalı mövqe nümayiş etdirilirdisə, Laçın və Kəlbəcərlə bağlı digər yanaşma ortada idi. Qarabağın dağlıq hissəsinin və Laçının növbəti mərhələdə müzakirəsi nəzərdə tutulurdu. 1997-ci ildən başlayan bütün görüşlərdə bu məsələ təklif edilirdi.

Həmsöhbətimiz vurğulayıb ki, Laçının 2025-ci ildə MDB dövlətlərinin mədəniyyət paytaxtı elan edilməsi Ermənistana və Qərbə xüsusi mesaj və ismarıcdır:

"Həm də Laçının dünyaya yenidən tanıdılması üçün, təbliğat üçün mühüm əhəmiyyətə malikdir. Mədəniyyət paytaxtı çərçivəsində MDB-nin müxtəlif nazirlərinin, siyasi-dövlət xadimlərinin Laçına səfərləri, orada tədbirlərin keçirilməsi Zəngəzurda Azərbaycanın möhkəmlənmiş siyasi nüfuzunun daha da artmasına və reallığın bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilməsinə töhfə verəcək”.

Zaur Məmmədov, politoloq

Z.Məmmədov qeyd edib ki, bu qərar çox böyük siyasi əhəmiyyətə malikdir:

“Onu deməyə əsas verir ki, ələlxüsus revanşist meyllərlə yaşayan ermənilər başa düşməlidirlər ki, Laçın Azərbaycandır. Laçında hər zaman Azərbaycan bayrağı dalğalanacaq. Yeni reallıqlar fonunda Ermənistan hansısa şirin vədlərinə aldanmalılı, özünü adekvat aparmalıdır. Bu, həm də MDB məkanında Azərbaycanın artan nüfuzudur. Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin göstəricisidir".

Qeyd edək ki, Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq. Bu barədə Rusiya prezidenti Vladimir Putin MDB sammitində bildirib.

Onun sözlərinə görə, Laçın şəhərindən sonra MDB-nin mədəniyyət paytaxtı statusu ardıcıllıqla Ermənistanın Mehri və Belarusun Molodeçno şəhərlərinə veriləcək:

“Biz hər il birliyin mədəniyyət paytaxtını seçirik və bu, bütün ölkələrimizin vətəndaşlarının böyük marağına səbəb olan canlı, yaradıcı və humanitar tədbirlərin mərkəzinə çevrilir. Bizim razılığımızla estafeti Azərbaycanın Laçın şəhəri, sonra 2026-cı ildə Ermənistanın Mehri, 2027-ci ildə isə Belarusun Molodeçno şəhəri qəbul edəcək”.

Prezident İlham Əliyev də Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında söyləyib ki, Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb:

“MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar”.

Aydın Baxış


SON XƏBƏRLƏR