• Bakı 20° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

Fransada etimadsızlıq: Makron problemləri həll edə bilməsə... - AÇIQLAMA

DÜNYA

09 Oktyabr 2024 | 16:42

Fransada etimadsızlıq: Makron problemləri həll edə bilməsə... - AÇIQLAMA

Fransa siyasətinin dramatik səhnələrindən biri yenidən diqqət mərkəzinə çevrilib: parlament hökumətə etimadsızlıq təklifini rədd etdi. Bu qərar zahirən Makron hökuməti üçün qələbə kimi görünsə də, əslində, dərin və potensial təlatümlərlə dolu bir dalğanı da özündə ehtiva edir. Fransa üçün bu, həm daxili sabitlik, həm də qlobal nüfuz üçün əsl imtahana çevrilir.

Sosial gərginliyin, narazılığın və ictimai etimadsızlığın daha da artdığı bir zamanda baş verən bu proses, Fransanın daxili və xarici siyasət istiqamətlərinə hansı təsirləri göstərəcək? Daxildə xalqın narazılığı güclənərsə, hökumət beynəlxalq arenada nə qədər güclü qala biləcək?

Bakıvaxtı.az mövzu ilə bağlı politoloq Turan Rzayevə müraciət edib.

Mütəxəssisin fikrincə, Fransada solçu və ekoloq ittifaqı Yeni Xalq Cəbhəsinin (NFP) hökumətə qarşı təqdim etdiyi etimadsızlıq təklifi kifayət qədər səs toplaya bilməyəcəyi və parlamentdə rədd ediləcəyi bəlli idi.

"Onu qeyd edim ki, Fransada sol və sağ partiyalar ildən ilə radikallaşır. Təqdim etdikləri siyasi konsepsiyalar da az qala bir-birini təkzib edir. Yaxın tarixdə də bu iki fərqli görüş arasında fikir ayrılıqları olub və hökümət böhranı yaşanıb. Koalisya cəhdləri isə ümumiyyətlə baş tutmayıb",- müsahibimiz qeyd edib.

Turan Rzayev bildirib ki, Fransanın hazırkı iqtidarı son zamanlar ciddi səhvlər buraxsa da ölkə daxilində mövqeyi güclüdür. Onun sözlərinə görə, xüsusilə Emanuel Makronu dəstəkləyən qüvvələr onun hakimiyyətdə qalmasında maraqlıdırlar. Bununla belə, onun hakimiyyətdən getməsini istəyən qüvvələr hələ də var:

"Daxili siyasət müstəvisində etimadsızlıq təklifinin rədd olunması hökumət üçün müvəqqəti qələbə sayılsa da, bu, sosial narazılığın həlli demək deyil. Makron hökuməti xüsusilə pensiya islahatı kimi sosial islahatlar fonunda cəmiyyətdən sərt reaksiya görür, bu da onu göstərir ki, ölkədəki siyasi sabitlik qeyri-müəyyən olaraq qalır. Etimadsızlıq təklifinin rədd edilməsi müxalifətin, həmçinin ictimaiyyətin etirazlarını səngitməyəcək, əksinə, hökumətin bu narazılıqlara nə dərəcədə cavab verə bilməsi sual altında qalacaq. Belə bir vəziyyət hökuməti daha çox populist siyasət yürütməyə və islahatları daha yavaş tətbiq etməyə məcbur edə bilər ki, bu da ictimai narazılığı daha da dərinləşdirə bilər".

Turan Rzayev, politoloq

Ekspert diqqətə çatdırıb ki, Fransanın sol partiyaları əvvələr daha radikal idi. Amma hazırda bu radikallıq çox da hiss edilmir. Xarici siyasət aspektində Fransa üçün daxildəki qeyri-sabitlik beynəlxalq arenada fəallığını və strateji prioritetlərinə diqqətini zəiflədə bilər. Əsas diqqət daxildəki sosial və siyasi narahatlıqlara yönələcək. Bunun nəticəsində Makron hökuməti Avropa İttifaqının inteqrasiyası və Şimali Afrika və Yaxın Şərq bölgələrində təhlükəsizlik siyasətlərində əvvəlki qədər təsirli olmayacaq. Məsələn, Fransa uzun müddətdir Afrika dövlətləri ilə təsirli münasibətlər saxlayır və xüsusən bu coğrafiyada terrorizmə qarşı mübarizədə aparıcı mövqe tutur. Lakin daxildə siyasi təzyiqlərin artması Parisin bu məsələlərdəki aktivliyini məhdudlaşdıra bilər. Bu da Fransa üçün geosiyasi mövqeyinin zəifləməsi və rəqib dövlətlərə - xüsusilə də Rusiya və Çinə - bölgədə təsir imkanlarını artırma fürsəti verə bilər.

Son olaraq ekspert vurğulayıb ki, Makron hakimiyyətdə qalmaqda maraqlıdır. Partiyasında çoxluq etibarilə parlamentdə təmsilini istəyir.

"Hökumət daxili etimadsızlıq problemini həll edə bilməzsə, bu, həm daxili, həm də xarici siyasətdə ciddi dəyişikliklərə səbəb olacaq. Daxildə xalqın dəstəyini itirmək Fransa hökumətini daha ciddi sosial islahatlar aparmağa məcbur edəcək, lakin bu da çətin və uzunmüddətli proses olacaq. Xarici siyasət sahəsində isə Fransa öz mövqelərini qorumaq üçün əlavə resurs və diplomatik manevrlər tələb edəcək. Bu vəziyyət Makron hökuməti üçün çətin bir sınaq olacaq və ölkənin uzunmüddətli siyasi sabitliyini təhdid altında saxlamağa davam edəcək",- Turan Rzayev fikrini yekunlaşdırıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR