• Bakı 19° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

PKK-nın başqa şansı qalmamışdı: heç bir şərt, güzəşt ola bilməz, ancaq...

DÜNYA

13 May 2025 | 10:44

PKK-nın başqa şansı qalmamışdı: heç bir şərt, güzəşt ola bilməz, ancaq...

 “PKK-nın silah buraxması prosesi Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının müraciətindən sonra başlamışdı”.

Bunu AĞ Partiyanın sədri Tural Abbaslı PKK terror təşkilatının özünü buraxmasını Bakıvaxtı.az-a şərh edərkən deyib.

T.Abbaslı bildirib ki, prosesin gedişində hazırda həbsdə olan Abdullah Öcalanın PKK və onun yan qurumlarına bir çağırışı oldu:

"Nəticə olaraq Öcalan PKK-da qurultayın çağırılmasının zərurətindən danışmışdı və bildirmişdi ki, artıq silahlı mübarizə dönəmi arxada qalıb, forma və üsullar dəyişib. Onsuz da PKK-nın yaşamaq şansı qalmamışdı. Həm ideoloji, həm də psixoloji və struktur olaraq PKK fəaliyyətini davam etdirə bilmirdi”.

Müsahibimizə görə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın iqtidarı dönəmində Türkiyənin nəinki daxildə, bölgədə güclənməsi, başqa regionlarda, dünyada mühüm söz sahibinə çevrilməsi PKK-nı və onun dəstəkçilərini pis vəziyyətdə qoydu. Türkiyə güclənərək PKK və dəstəkçilərini, onların siyasi-iqtisadi dayaqlarını məhv etdi. Silah texnologiyalarının inkişaf etməsi sayəsində uzun müddət dağlarda, meşələrdə, mağaralarda gizlənmiş terrorçular açıq hədəf halına gəldi. Üstəlik, bölgə əhalisinin də maariflənməsi, kürd mənşəli insanların dövləti düşmən görməməsi PKK-nı çökdürən səbəblər oldu.

Tural Abbaslı:  Mümkündür ki, PKK-nın müxtəlif qrupları arasında qərara etiraz edənlər də olsun

T.Abbaslı qeyd edib ki, belə vəziyyətdə PKK-nın özünü buraxmaqdan başqa şansı qalmırdı:

"MHP rəhbərindən gələn təklif PKK üçün bir şans oldu. Əlbəttə, burada PKK-nın dövlətə hansısa şərt irəli sürməsindən söhbət gedə bilməz. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, terror təşkilatının özünü buraxması fonunda heç bir şərt, güzəşt ola bilməz. Ancaq başqa suallar ortaya çıxır ki, PKK-dan boşalan yeri zamanla kimlər, hansı təşkilat dolduracaq? Yaxud doldurmağa cəhd edəcək? PKK-dan alət kimi istifadə edənlər özlərinə yeni maşa axtaracaqmı? Mümkündür ki, PKK-nın müxtəlif qrupları arasında qərara etiraz edənlər də olsun. Başqa formada fəaliyyət göstərə bilərlər. Yəni bu, uzun bir prosesdir. 50 ilə yaxındır ki, Türkiyədə PKK problemi var idi və bunun sadəcə 2-3 aya həlli mümkün deyil”.

“Atılmalı olan addımlar, görülməli olan işlər var. Ümidvarıq ki, Türkiyə nəhayət ki, terror bəlasından xilas olacaq və daha da güclənəcək. Qardaş Türkiyənin güclənməsi birbaşa Azərbaycanın dövlət və strateji maraqlarına uyğundur", - deyə Tural Abbaslı bildirib.

Qeyd edək ki, PKK terror təşkilatı özünü buraxıb. Məlumata görə, qərar terror təşkilatının mayın 5-7-də keçirilən 12-ci qurultayında edilib. Qurultay PKK-nın təşkilati strukturunu ləğv etmək və silahlı mübarizəni dayandırmaq, bununla da PKK adlı təşkilatın fəaliyyətinə son qoymaq barədə qərar qəbul edib.

Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb. PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.

Aydın Baxış


SON XƏBƏRLƏR