“İndiki məqamda Nikol Paşinyana qarşı impiçmentin reallaşması o qədər də real görünmür”.
Bunu Bakıvaxtı.az-a politoloq Turab Rzayev Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı impiçment prosesinin başlanması barədə deyilənlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, parlamentdə Paşinyanın fraksiyası çoxluqdadır:
"Paşinyanın müttəfiqləri də çoxluqdadır. Əgər fərqli mənzərə olsaydı, o zaman heç impiçmentə ehtiyac olmazdı. Yəni çoxluq müxaliflərdə olsaydı, baş nazir kimi özlərinə başqa alternativ tapar, ona səs verərdilər. Faktiki olaraq, Ermənistanda baş nazir çoxluqda olan koalisiyadan çıxır. Hazırkı hökuməti çökdürüb, yenidən təsis edə bilmirlərsə, deməli əllərində yetərli mandat sahibi yoxdur. Az ehimal olsa da, hansısa yollarla, məsələn, korrupsiya və şantaj yolu ilə bəzi deputatları ələ ala bilərlər. Ona görə az ehtimaldır ki, 20-30 deputatı bu yolla Paşinyana qarşı çevirmək inandırıcı deyil".
Turab Rzayev: Ermənistan müxalifəti hazırkı hökuməti çökdürüb, yenidən təsis edə bilmirlərsə, deməli...
Həmsöhbətimiz əlavə edib ki, ancaq 28 imzanın olması da ciddi məqamdır:
"Ən azından müxalifətin Paşinyan üzərində təzyiq mexanizmi deməkdir. Hazırda Paşinyanın erməni kilsəsi ilə də münasibətləri gərgindir. Digər tərəfdən regional problemlərlə üzləşirlər, Rusiyanın təzyiqləri artmaqdadır. Paşinyana qarşı məngənə getdikcə sıxılmaqdadır”.
Rzayevə görə, təzyiqlərdə məqsəd odur ki, Paşinyan Rusiyanın maraqlarını daha çox nəzərə alsın. Həmçinin, bu yolla baş naziri bezdirərək hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar.
Qeyd edək ki, Ermənistan fraksiyası Paşinyana qarşı impiçment prosesinin başlanması üçün 28 imza təqdim edəcək. Ermənistanın "Hayastan" müxalif parlament fraksiyası Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başlanması üçün çatışmayan 28 deputat imzasını uyğun müddətdə təmin etməyə hazır olduğunu bəyan edib.
Deputat Kristine Vardanyan sosial şəbəkələrdə bildirib ki, onlar "Şərəfim var" fraksiyasından olan həmkarları ilə də müzakirələrə hazırdırlar. İki müxalif fraksiyanın tərkibinə 34 deputat daxildir.
Ermənistan qanunvericiliyinə əsasən, impiçment prosesinin başlanması üçün təşəbbüskarlar baş nazir vəzifəsinə öz namizədlərini təklif etməlidirlər. Müraciətə 36 imza olduqda baxıla bilər. Hökumət başçısına etimadsızlıq bildirmək üçün 107 deputatdan ən azı 54-ü impiçmentin lehinə səs verməlidir.
Daha əvvəl müxalif "Şərəfim var" fraksiyası ölkənin baş naziri vəzifəsinə Masis icmasının başçısı David Ambartsumyanın namizədliyini irəli sürüb. Lakin dörd müstəqil deputatdan ikisi artıq bu namizədə qarşı olduqlarını bəyan edib.
Aydın Baxış