Polşa Belarus və Ukrayna ilə sərhədlər yaxınlığında uçuş məhdudiyyətlərini 10 sentyabrdan etibarən üç ay müddətinə uzadır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı bəyanat yayıb.
Bəyanata əsasən, 10 sentyabrdan etibarən Polşanın şərqində mövcud EP R131 zonasını əvəz edən yeni məhdudlaşdırılmış hava hərəkəti zonası (EP R134) tətbiq olunacaq. Məhdudiyyətlər yer səviyyəsindən 3 km-ə qədər yüksəklikdə uçuşlara şamil edilir.
EP R134 zonasında uçuş qadağası hərbi uçuşlar, eləcə də müəyyən xilasetmə və infrastrukturun qorunması əməliyyatları istisna olmaqla, gecə-gündüz qüvvədə olacaq.
Komandanlıq izah edib ki, bu tədbirlər Polşanın hava hücumundan müdafiə sistemlərinin manevr azadlığına və potensial təhdidlərə tez cavab vermək qabiliyyətinə malik olmasını təmin etmək üçün zəruridir.
Xatırladaq ki, Belarus və Ukrayna ilə sərhədlər boyunca mövcud uçuş məhdudiyyəti olan EP R131 bu il iyunun 10-da tətbiq edilib və sentyabrın 9-da başa çatır.
Gülşən Şərif




