• Bakı 26° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Post-Xamenei dövrünə zərbə: İsrailin hədəfində İran ordusunun zirvəsi

SİYASƏT

13 Iyun 2025 | 17:30

Post-Xamenei dövrünə zərbə: İsrailin hədəfində İran ordusunun zirvəsi

İranın ali lideri Əli Xamenei SEPAH və Ordunun rəhbərliyində dəyişiklik etməklə, faktiki olaraq İsrailin son hücumlarında general Məhəmməd Baqeri və Hüseyn Salaminin öldürüldüyünü təsdiqləmiş oldu. Bu hadisə təkcə iki yüksək rütbəli şəxsin itkisi deyil, həm də İranın hərbi elitasının daxilindəki güc balansının sarsıldığını göstərir.

General Baqeri uzun müddət İran Silahlı Qüvvələrinin koordinasiyalı, daha çox milli ordu yönümlü xəttini təmsil edirdi. SEPAH-ın radikal ritorikasından fərqli olaraq, onun siyasəti daha çox balans üzərində qurulmuşdu. Hətta Azərbaycanın adının çəkildiyi bəzi hərbi ssenarilərdə onun loyal mövqeyi, regionda müharibəni daha da genişləndirə biləcək addımların qarşısını aldığı bildirilir.

Digər tərəfdən, Hüseyn Salami SEPAH-ın sərt ritorikasının əsas siması idi. Onun “İsraili yer üzündən siləcəyik” tipli açıqlamaları son dövrdə müharibə ritorikasını pik həddə çatdırmışdı. İsrail bu iki şəxsi hədəf almaqla həm konkret təhdidlərə cavab verdi, həm də İranın gələcək hərbi strategiyasını formalaşdıracaq şəxslərə açıq siqnal göndərmiş oldu.

Bu hadisələrin arxa planında isə daha böyük bir proses dayanır: post-Xamenei dövrü üçün hazırlıq. İran siyasi elitası bu günlərdə yalnız Qəzzadakı müharibəyə və ya regiondakı güc balansına görə deyil, həm də rejimin sabahı üçün daxili struktur dəyişikliklərinə görə çalxalanır. Mümkün hakimiyyət keçidində SEPAH-ın rolu artır və bu, İran ordusu ilə SEPAH arasında yeni qarşıdurmaların xəbərçisi ola bilər.

Baqerinin SEPAH-a nisbətən daha müstəqil və ehtiyatlı xətt yürütməsi, onun aradan götürülməsini təkcə İsrailin uğuru kimi deyil, həm də İran daxilində güc mərkəzlərinin yenidən formalaşmasının göstəricisi kimi dəyərləndirməyə əsas verir. Bu hadisə, eyni zamanda, region ölkələri üçün də ciddi siqnaldır: İran daxilindəki hərbi-siyasi balans dəyişir və bu dəyişikliklər təkcə Tehranı deyil, bütün Yaxın Şərq təhlükəsizlik sistemini sarsıda bilər.

Züriyə Qarayeva

Politoloq

Bakıvaxtı.az üçün


SON XƏBƏRLƏR

13 Iyun 2025