• Bakı 15° C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Məktəblilərin payız tətili - istirahət, yoxsa yeni yüklənmə: Psixoloqdan VALİDEYNLƏRƏ ÇAĞIRIŞ

CƏMİYYƏT

18 Noyabr 2025 | 09:50

Məktəblilərin payız tətili - istirahət, yoxsa yeni yüklənmə: Psixoloqdan VALİDEYNLƏRƏ ÇAĞIRIŞ

Səhər işə gələndə avtobusda yaşlı bir kişinin orta məktəb şagirdi olan nəvəsiylə dialoqunun qulaq şahidi oldum.

- A bala, o telefondan başını qaldır, bir şəhərə bax da.

- Baba, tətildi ey, nolar ki, heç olmasa, indi telefonla oynayım.

- Eh.. Bizim vaxtımızın tətilinə tətil çatmaz, - deyən ağsaqqal dövrünün məktəb tətilindən danışmağa başladı...

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində noyabrın 16-dan beşgünlük payız tətili başlayıb. Avtobusda şahidi olduğum dialoq məni də “İndi məktəblilər tətil günlərini necə keçirir” sualına cavab axtarmağa vadar etdi.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan psixoloq Aytən Ələkbərova bildirib ki, bütün tətillərdə əsas mahiyyət uşaqların istirahətidir:

“Necə ki, böyüklər şənbə-bazar günləri yatmaq, gəzmək və istirahət etmək istəyir, uşaqların da eyni ehtiyacı var. Tətil verilirsə, məqsəd dincəlməkdir”.

Onun sözlərinə görə, tətil günlərində uşaqlara həddindən artıq tapşırıq verilməsi, kursa və ya əlavə məşğələlərə məcburi göndərilməsi psixoloji yüklənməni artırır:

“Bəzən psixoloqa gələn uşaq özü deyir ki, "bu gün gəlmək istəmirdim, dincəlmək istəyirdim". Valideyn isə "birdən geriləyər" qorxusu ilə onu məcbur edir”.

Aytən Ələkbərova: Dərslə yüklənmə depressiyaya yol açır

Mütəxəssis qeyd edib ki, davamlı yüklənmə nəticəsində uşaqlarda beyin yorğunluğu yaranır və bu, gələcəkdə xroniki yorğunluq, maskalanmış depressiya, özünəgüvən itkisi kimi problemlərlə nəticələnə bilər:

“9-cu sinif imtahanları bitən kimi 10-11-ci sinif hazırlığına başlayan uşaqlarda artıq xroniki yorğunluq görünür. Valideyn hər şey normaldır sanır, amma uşaq daxildə depressiv hal yaşayır”.

A.Ələkbərova bildirib ki, psixoloji sağlamlıq üçün ən vacib addım tətil dövründə beyinə istirahət şansı verməkdir:

“Valideynlər özləri bir saat artıq yatmaq istədikləri kimi, övladlarının da dincəlməsinə şərait yaratmalıdırlar. Psixoloji immunitetin düşməsi gələcəkdə depressiya və hətta dərman istifadəsinə aparan yoldur”.

Psixoloq sonda valideynlərə çağırış edib:

“Tətil günlərində icazə verin ki, uşaqlar dincəlsin. Bu, onların psixoloji sağlamlığı üçün ən vacib investisiyadır”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

17 Noyabr 2025