• Bakı 20° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.9748

    RUB - 2.0643

Putinin Düşənbə sammiti planı: Rusiya MDB-də nüfuzunu bərpa etməyə çalışır

SİYASƏT

08 Oktyabr 2025 | 13:13

Putinin Düşənbə sammiti planı: Rusiya MDB-də nüfuzunu bərpa etməyə çalışır

Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək MDB Dövlət Başçılarının sammiti beynəlxalq gündəmin diqqət mərkəzinə çevrilib. Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi görüşdə əsas müzakirə mövzularının ticarət, investisiya və təhlükəsizlik məsələləri olacağı bildirilir.

Bu sammit Moskvanın Ukrayna müharibəsi və Qərb sanksiyaları fonunda MDB məkanında təsir imkanlarını yenidən bərpa etməyə çalışdığı dövrdə baş tutur.

Ekspertlər hesab edir ki, Düşənbə sammiti Rusiya üçün yalnız iqtisadi əməkdaşlıq platforması deyil, həm də geosiyasi nüfuz testidir. Azərbaycan isə bu prosesdə balanslaşdırılmış siyasət yürüdən və regionda artan strateji çəkisini qoruyan ölkə kimi ön plana çıxır.

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva Bakıvaxtı.az-a bildirib ki, Rusiya liderinin Düşənbə sammitinə qatılması, əslində, Moskvanın postsovet məkanında nüfuzunu itirməmək cəhdinin bir hissəsidir. Onun sözlərinə görə, Ukrayna müharibəsi və Qərbin sanksiyaları nəticəsində Rusiya üçün MDB ölkələri həm siyasi, həm də iqtisadi baxımdan önəmli alternativ partnyorlar qrupuna çevrilib.

Politoloq qeyd edib ki, Putin bu sammit vasitəsilə Rusiyanın hələ də regionda əsas güc mərkəzi olduğunu göstərmək istəyir:

“Bununla belə, son illərdə Mərkəzi Asiyada Çin və Türkiyə təsirinin artması bu balansı dəyişib. Bu baxımdan, Düşənbə görüşü daha çox Rusiya üçün “itirilmiş nüfuzun bərpası” sınağı kimi görünür. MDB-də indi artıq təkqütblü deyil, çoxqütblü güc arxitekturası formalaşır”.

Müsahibimiz bildirib ki, Azərbaycan bu cür regional görüşlərə praqmatik yanaşır və prioritet maraqları iqtisadi əməkdaşlıq, ticarət və tranzit imkanlarının genişlənməsi ilə bağlıdır. Dediyinə görə, MDB çərçivəsində qəbul edilən yeni qərarlar Bakı üçün logistika və enerji sahəsində yeni perspektivlər aça bilər. Lakin eyni zamanda, Rusiya-Qərb münasibətlərindəki gərginlik fonunda Azərbaycan balanslı siyasətini daha diqqətlə qurmalıdır:

“Bakı həm Moskva ilə strateji tərəfdaşlıq münasibətlərini qoruyur, həm də Türk Dövlətləri Təşkilatı və Avropa ilə inteqrasiyanı dərinləşdirir. Bu, Azərbaycanın regional siyasətdə müstəqil xəttini saxladığını göstərir. Düşənbə sammiti Azərbaycanın neytral, lakin aktiv oyunçu statusunu bir daha təsdiqləyə bilər”.

Bu sammitin fonunda Rusiya ilə Qərb arasında artan gərginliyin MDB ölkələrinin siyasətinə necə yansıyacağına gəlincə, Z.Qarayeva deyir ki, MDB məkanındakı dövlətlər artıq Rusiya ilə Qərb arasında açıq tərəf seçmək istəmirlər:

“Çünki iqtisadi və enerji baxımından Qərb bazarlarına çıxış onlar üçün həyati əhəmiyyət daşıyır, lakin eyni zamanda Rusiyanın regionda təsir resursları hələ də qalır. Bu səbəbdən ölkələr “çoxvektorlu siyasət” yürütməklə riskləri minimuma endirməyə çalışırlar. Qazaxıstan, Özbəkistan və Azərbaycan kimi dövlətlər artıq bu modelin uğurlu nümunəsidir”.

Dediyinə görə, sammitdə Qərblə münasibətlər birbaşa müzakirə olunmasa da, bütün qərarlar bu kontekstdə qiymətləndiriləcək. Yəni, Rusiya üçün bu toplantı həm MDB həmrəyliyini nümayiş etdirmək, həm də Qərbə “hələ də təsirliyəm” mesajı vermək vasitəsidir”.

“Düşənbə sammitindən sonra MDB-nin gələcək fəaliyyəti ilə bağlı hansı tendensiyalar gözlənilə bilər” sualına cavabında isə Züriyə Qarayeva bildirib ki,  sammitdən sonra MDB-nin formal çərçivədən çıxaraq iqtisadi inteqrasiya və təhlükəsizlik mexanizmlərini yenidən canlandırmağa çalışacağı ehtimal olunur. Lakin təşkilatın effektivliyini artırmaq üçün Rusiya təkbaşına deyil, regionun digər gücləri ilə real əməkdaşlığa getməlidir:

“Əks halda, MDB yalnız diplomatik formalitet səviyyəsində qalacaq. Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələrin aktivliyi bu platformaya yeni dinamika gətirə bilər. Digər tərəfdən, TDT və BRICS kimi alternativ birliklərin güclənməsi MDB-nin gələcəkdə funksional roluna birbaşa təsir edəcək. Bu baxımdan, Düşənbə sammiti həm Rusiya üçün siyasi imtahan, həm də MDB üçün mövcudluq sınağı rolunu oynayır”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

07 Oktyabr 2025