• Bakı 23° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Qanla bitən münasibətlər: Ailədaxili cinayətlər niyə artır?

CƏMİYYƏT

08 Iyul 2025 | 15:47

Qanla bitən münasibətlər: Ailədaxili cinayətlər niyə artır?

2024-cü il ərzində 22 325 nəfər cinayət hadisələri ilə üzləşib. Zərərçəkmiş şəxslərin 7 130-u qadın olub.

Bakıvaxtı.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında yer alıb.

Baş Prokurorluğun statistikasına əsasən, zərərçəkmiş qadınlardan 3059-u xəsarət alıb, 268-i isə ölüb.

Elə yaşadığımız 2025-ci ildə də ailədaxili cinayət hallarının artması müşahidə olunur. İnsanların bu şəkildə qəddarlaşması, çox asanlıqla cinayətə əl atması isə artıq ciddi siqnaldır.

Bəs görəsən, cinayət hallarının artmasının səbəbi nədir?

Mövzu ilə bağlı sosioloq Nail Cəlil Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ailədaxili cinayət hadisələrinin artmasının başlıca səbəbi boşanmalar, sosial-iqtisadi vəziyyət və digər ailədaxili məsələlərlə bağlıdır:

"Ailə dəyərlərinin müəyyən mənada aşınması cinayətə meyli artırıb. Burada sosial-psixoloji amillər də rol oynayır. Bundan başqa, texnologiyaların insan həyatına təsiri də danılmazdır. İnsanlar gündəlik qayğılarla məşğul olmaq əvəzinə, problemləri sosial şəbəkələr üzərindən həll etməyə çalışırlar. Bu isə qarşılıqlı ünsiyyət ilə real sosiallaşma arasında kəskin ziddiyyətin yaşanmasına səbəb olur”.

Müsahibimiz qeyd edib ki, bu ziddiyyətin aradan qaldırılması günümüzdə ciddi problemə çevrilib. Onun sözlərinə görə, bu gün yeniyetmələrin və gənclərin davranışında kəskin fərqlər müşahidə olunur. Ümumilikdə insanlarda aqressiya, əsəb daha çox nəzərə çarpır.

Sosioloq hesab edir ki, cinayət hallarının qarşısını almaq və ya sayının azalması üçün cinayətlə bağlı informasiyaları düzgün təhlil etmək vacibdir.

Nail Cəlil: Ümumilikdə insanlarda aqressiya, əsəb daha çox nəzərə çarpır

"Mümkün sosial risklərin qarşısını almaq üçün texnologiya ilə işləməyin yolları araşdırılmalıdır. Bundan əlavə, sosial siyasətdə münasib iqtisadi şərtlər tətbiq olunmalıdır. Bu, qabaqlayıcı tədbirlərin görülməsi üçün vacibdir. Əks halda cinayət törədən şəxsin cəmiyyətdən təcrid olunması sadəcə epizodik xarakter daşıyacaq”.

“Əgər ictimai maraqları təmin etməyi bacarmasaq, cinayət halları ilə bağlı atılan addımlar qısamüddətli olacaq", - deyə Nail Cəlil əlavə edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR