İşğaldan azad olunan ərazilər bizim üçün adi bir bölgə, rayon, şəhər deyil. Qarabağ hər bir Azərbaycan vətəndaşı üçün hələ uzun illər müqəddəs yer, ziyarətgah, qibləgah timsalı kimi qalacaq. Odur ki, oralara ayaq basan hər kəs bunun fərqində olmalıdır.
Artıq 30 ilə yaxın düşmən tapdağında olan Qarabağımız azaddır. Xalqımız Qarabağına qovuşduğu kimi, Qarabağımız da öz doğma xalqına qovuşub. Amma bu qovuşma asan olmayıb. Minlərlə igid oğullarımız bu uğurda canını fəda edib, şəhadətə ucalıb. Minlərlə qəhrəman qazimiz bu yolda sağlamlığını, əlini, qolunu, ayağını, gözünü, hətta canını qurban verib. Ona görə də o gözəl diyara səfər edəndə, gəzəndə, yurdumuzun gözəlliklərini seyr edəndə bütün bunları göz önünə gətirməli və ona uyğun davranmalıyıq.
Təəssüf ki, bəzən kimlərsə Qarabağ səfəri zamanı ya məsuliyyətsizlikdən, ya da düşüncəsizlikdən bunu unudur. Şuşanın necə azad olunduğunu bilənlər, elə bilməyənlər də o sıldırım qayalardan hansı zillətlə keçildiyini anlamalıdır. Şuşaya çəkilən Zəfər Yolu ilə hətta avtomobillə qalxanda adamı vahimə bürüyür. Amma Şuşa fatehləri oranı əlində silah-sursat, çiynində ağır yük, ayaqla, əllə, dırnaqla qalxaraq düşməni məhv ediblər.
Bu səbəbdən də Şuşada döyüş izlərinin olduğu mövqelərə, qayalara, daşlara, qanlı döyüşlərin baş verdiyi tarixi izlərə toxunmaq olmaz. Axı, oranın hər bir qayasında, daşında şəhidin ayaq izi, qanı var. Orada neçə-neçə qazinin kəsilmiş əli, ayağı var. Heç rəvadırmı ki, ora hansısa boyaqla ad yazasan, söz yazasan?
Biz qanla yazılan bu tarixi gələcək nəsillərə çatdırmaq üçün onu olduğu kimi qorumalıyıq. Bu, təkcə qanunla, qayda ilə tənzimlənən bir məsələ deyil. Bu, vicdanla, mənəviyyatla, ruhla tənzimlənməlidir.
O daşların, qayaların üzərinə primitiv üsulla nəsə yazmaqla şəhid adını əbədiləşdirmək olmaz. Zatən hər bir şəhidin adı bu xalqın qəlbində silinməyəcək qədər dərin izlərlə yazılıb. Bəlkə də kimlərsə anlamadan özünü təəssübkeş göstərmək istəyir, bəlkə də niyyəti pis deyil. Amma bu, özfəaliyyət ediləcək bir məsələ də deyil. Ola bilər, niyyət pis deyil, amma tarixi mənzərəni zədələyərək qəhrəmanlarımızın xatirəsinə qarşı istəmədən edilən bir diqqətsizliyə, hörmətsizliyə yol verilir.
Şuşa tarix boyu Azərbaycanın göz bəbəyi olub. Bu, təkcə təbiəti ecazkar bir yer deyil, həm də mədəniyyət beşiyidir. Odur ki, hər kəs bu gözəl, müqəddəs, hər daşında, qayasında, torpağında şəhid izi olan ərazilərdə gəzəndə bu vacib, milli təhlükəsizlik məsələsi qədər əhəmiyyətli amili unutmamalıdır. Son olaraq, bir məqamı xüsusi vurğulayım: qanla yazılan tarixə başqa boyaq olmaz!
Zaur Əhməd
Şəhid oğlu, Unikal Media Qrupun baş redaktoru




