Azərbaycan və Belarus arasında ənənəvi olaraq sıx dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Belarusun Müstəqillik Günü münasibətilə keçirilən qəbulda bildirib.
"Müstəqillik illərində Azərbaycan-Belarus münasibətləri hərtərəfli inkişaf edib və qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyəsinə çatıb. Azərbaycan Belarus ilə açıq dialoq və tam qarşılıqlı anlaşmaya əsaslanan çoxşaxəli əməkdaşlığı yüksək qiymətləndirir", - Ş.Mustafayev bildirib.
O, həmçinin vurğulayıb ki, dövlət başçılarının birgə səyləri sayəsində ölkələr arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir: "Dövlətlərarası münasibətlərimizin möhkəm müqavilə-hüquq bazası formalaşıb. Bu günə qədər 170-dən çox ikitərəfli sənəd imzalanıb. Ən yüksək səviyyədə aktiv dialoq aparılır".
Ş.Mustafayevin sözlərinə görə, ölkələr arasında ticari-iqtisadi münasibətlər ikitərəfli əlaqələrin əsas istiqamətidir.
"Qarşılıqlı ticarətin şaxələndirilməsinə və investisiya əməkdaşlığının genişləndirilməsinə xüsusi diqqət yetirilir. Sənaye kooperasiyası sahəsində bir çox uğurlu layihələr həyata keçirilir. Bu əməkdaşlığın genişləndirilməsi prioritetlər sırasındadır", - o bildirib.
Ş.Mustafayevin fikrincə, eyni zamanda kənd təsərrüfatı, nəqliyyat, energetika, mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar mövcuddur.
"Bundan əlavə, gündəlikdə Azərbaycanın azad edilmiş ərazilərində birgə layihələrin həyata keçirilməsi məsələsi var", - Baş nazirin müavini vurğulayıb.
O qeyd edib ki, Azərbaycan Belarus ilə bütün istiqamətlərdə dostluq və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda münasibətləri davam etdirməyə hazırdır.