• Bakı 21° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Qazaxıstan görüşü bəzi məsələlərdə öz töhfəsini verə bilər: Digər mühüm məqam odur ki...

SİYASƏT

30 Aprel 2024 | 16:20

Qazaxıstan görüşü bəzi məsələlərdə öz töhfəsini verə bilər: Digər mühüm məqam odur ki...

Yaxın zamanda Qazaxıstanda Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçirilə bilər.

Bakıvaxtı.az-ın məlumatına görə, rəsmi Bakı artıq görüşə razılıq verib. İrəvan da Astanada keçiriləcək görüşə etiraz etməyib, sadəcə görüş vaxtının hələ müəyyən edilmədiyini söyləyib.

Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib ki, Azərbaycan və Ermənistan arasında gözlənilən danışıqlar yalnız tərəflər arasında aparılacaq, Astananın vasitəçiliyindən söhbət getmir:

"Həqiqətən də Almatıda belə danışıqlar planlaşdırılır. Azərbaycan və Ermənistandakı həmkarlarımızla əlaqə saxlayırıq. Qarşıdakı danışıqlar yalnız tərəflər arasında aparılacaq. Astananın vasitəçiliyindən söhbət getmir. Biz yalnız “good office”, yəni xoşməramlı xidmətlər təqdim edirik". Onun sözlərinə görə, Qazaxıstan XİN məsələ ilə bağlı daha ətraflı məlumat verəcək: "Danışıqların tarixi hələ ki məlum deyil. Əgər tərəflər sülh əldə edərsə və bununla bağlı müvafiq razılaşma əldə olunarsa, bu, təkcə Qazaxıstana deyil, bütün regiona müsbət təsir göstərəcək".

Görüş ehtimalını Bakıvaxtı.az-a dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, Qazaxıstan Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş üçün öz meydanını, məkanını təklif edir. Görüşün Almatıda keçiriləcəyini deyən İ.Vəlizadənin sözlərinə görə,  Qazaxıstan rəsmiləri Astananın görüşdə moderatorluq etməyəcəyini bildiriblər.

"XİN başçılarının görüşündə, aparılan müzakirələrdə və bəzi məsələlərin həllində, kommunikasiya və digər məsələlərdə Qazaxıstandakı görüş öz töhfəsini verə bilər. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri də onu göstərir ki, Astana Bakı və İrəvan münasibətlərinin tənzimlənməsində maraqlıdır. Eyni zamanda Ermənistana təklif edilir ki, İrəvan da ortaq dəhlizə qoşula bilər. Lakin bir şərtlə ki, Ermənistan Azərbaycanın təkliflərinə ciddi yanaşsın və səylərini artırsın".

İlqar Vəlizadə, politoloq

Həmsöhbətimizin fikrincə, Qazaxıstanın təşəbbüsü ona görə önəmlidir ki, bu türk respublikası həm Azərbaycanla, həm də Ermənistanla yüksək münasibətlərə sahibdir:

"Azərbaycan və Qazaxıstan arasında ikili əməkdaşlıqla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində də yüksək əlaqələr mövcuddur. Həmçinin, Ermənistanla KTMT, Avrasiya İqtisadi Birliyi çərçivəsində sıx əməkdaşlıq edilir. Yəni Qazaxıstan İrəvanla da münasib dil tapa bilər. Digər mühüm məqam odur ki, Türkiyə də bu prosesi, Qazaxıstanın rolunu dəstəkləyir. Bütün bunları nəzərə alsaq, formatın faydalı olacağını deyə bilərik. Qazaxıstan müzakirələrdə təcrübəyə də sahibdir. "Astana" formatı çərçivəsində Türkiyə, İran və Rusiya arasında aparılan danışıqlarda Suriya məsələsi ilə bağlı bir sıra nailiyyətlər əldə olunmuşdu".

Aydın Baxış


SON XƏBƏRLƏR

20 May 2024