• Bakı 21° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.9748

    RUB - 2.0643

Qəbələ Zirvəsində təhlükəsizlik və regional nizamın yeni modeli - ŞƏRH

SİYASƏT

08 Oktyabr 2025 | 14:08

Qəbələ Zirvəsində təhlükəsizlik və regional nizamın yeni modeli - ŞƏRH

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı təkcə türk həmrəyliyi ideyasının siyasi ifadəsi deyil, regional təhlükəsizlik və yeni güc arxitekturasının əsas parametrlərinin təqdimatı kimi səciyyələndirilə bilər.

Əgər əvvəlki çıxışlarda diqqət daha çox iqtisadi inteqrasiya və mədəni yaxınlığa yönəlirdisə, bu dəfə əsas vurğu birgə təhlükəsizlik və strateji sabitlik mexanizmlərinin qurulması üzərində idi.

Prezidentin “təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil” fikri yeni mərhələdə Türk dünyasının geosiyasi davranış modelini izah edir. Yəni, artıq TDT yalnız mədəni və iqtisadi əməkdaşlıq çərçivəsi deyil, ortaq təhlükəsizlik maraqlarına əsaslanan kollektiv güc mərkəzi kimi formalaşır. Azərbaycan və Türkiyə arasında keçirilən çoxsaylı hərbi təlimlər, bu təcrübənin digər üzv dövlətlərə də ötürülməsi, 2026-cı ildə Bakıda planlaşdırılan birgə hərbi manevrlər bu strategiyanın praktiki addımlarıdır. Bu, faktiki olaraq, türk ölkələrinin regional müdafiə alyansına bənzər model üzərində işləməyə başladığını göstərir.

Digər tərəfdən, Prezident Əliyevin çıxışında sülh sazişinin paraflanması və ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı qeyd etdiyi məqamlar Cənubi Qafqazda yeni siyasi nizamın əsaslarını müəyyənləşdirir. Azərbaycan bu mərhələdə təkcə öz torpaqlarında sabitlik yaratmır, həm də regionda post-münaqişə diplomatiyasının nümunəsini formalaşdırır. Bu baxımdan, Qəbələ Zirvəsində səslənən mesajlar Türk dövlətlərinin gələcəkdə belə situasiyalarda vahid siyasi mövqe ilə çıxış etməsinin zəruriliyinə işarə edir.

Qəbələ çıxışı həm də Türk dünyasının enerji və nəqliyyat təhlükəsizliyi anlayışını strateji baxımdan yenidən müəyyənləşdirdi. Zəngəzur dəhlizi və Orta Dəhliz kimi layihələr artıq yalnız iqtisadi bağlantı deyil, regional suverenliyin təminat mexanizmi kimi təqdim olunur. Azərbaycan bu sistemdə körpü rolundan strateji koordinasiya mərkəzinə çevrilir. Enerji resurslarının şaxələndirilməsi, yaşıl enerji dəhlizinin yaradılması və 14 ölkəyə qaz ixracı kimi göstəricilər TDT-nin qlobal enerji xəritəsində artan çəkisini sübut edir.

Bu zirvə həm də Türk Dövlətləri Təşkilatının siyasi institutlaşma mərhələsinə keçidinin göstəricisidir. Əgər Şuşa və Budapeşt görüşləri ideoloji birliyin təməlini qoymuşdusa, Qəbələ artıq bu birliyin geosiyasi və hərbi dayaqlarını formalaşdırır. Prezident İlham Əliyevin təklifi ilə planlaşdırılan 2026-cı il birgə hərbi təlimləri, faktiki olaraq, təşkilatın “ortaq müdafiə mexanizmi” ideyasına ilkin addım hesab edilə bilər.

Nəticə etibarilə, Qəbələ Zirvəsində Prezident Əliyevin çıxışı Türk dünyasının gələcək təhlükəsizlik modelinin - “kollektiv güc və sülh konsepsiyası”nın əsas konturlarını cızdı. Bu model Azərbaycan təcrübəsinə, Türkiyənin hərbi potensialına və Orta Asiya ölkələrinin resurs imkanlarına əsaslanır. Beləliklə, Türk Dövlətləri Təşkilatı artıq mədəni həmrəyliyin simvolu olmaqdan çıxaraq, müxtəlif regionlarda sabitlik yaradan real güc mərkəzinə çevrilmək yolundadır.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR